Sənin mahiyyətin hətta mələklərdən də ülvidir:
Aləmlər səndə pünhandır, cahanlar səndə matvidir(gizlidir). (M. Akif)
İnsan, hər fəlsəfi və elmi görüşün təməl mövzusudur. Onu nəzərə almadan nə fəlsəfə
yürütmək, nə də elmi şərhlər vermək mümkün deyil. Fiziki və mənəvi yönü ilə bütün
elmlərə mövzu odur və insandan kənarda hər şeyin ağırlığı və dəyəri yenə onunla
münasibətə görə ölçülür.
Elmlər qol-budaq atıb onun ətrafında toplanır və onun müxtəlif yönlərindən söz
açırlar. Kitablar ona doğru qanad açır, ondan bəhrələnir və ətrafa nur saçır.
Bədən quruluşunun forma və funksiyalarının mükəmməl nizamlanması ilə son dərəcə
ideal bir sistem olan bu varlığın üzvlərindən hansının anatomiyasına nəzər yetirsək,
qarşısında heyranlıq duymamağımız qeyri-mümkündür.
Hələ daxili aləmindəki dərinlik və daim bir mənəvi üfüqdən digərinə varma istedadına
baxsan… Kompleks bir beyin və maddi ölçülər içində bulanıq bir mahiyyət ifadə
edən ruh; sonra bu iki sirli varlığın mükəmməl ahəngi… Bunların hər biri o möhtəşəm
abidənin tacındakı rənglərdən billurlaşan mənalardır.
Biz hələlik, nə bu möhtəşəm zahiri görünüşə, nə də az da olsa, nüfuz edə bildiyimiz
batinə təmas etməyəcək və yalnız onu yüksəldən bir-iki istedad və qabiliyyətdən
söz açacağıq.
İnsan hər şeyi ilə anlaşılması çətin olan bir varlıqdır. Qəribəliyi və qeyri-adiliyi
dünyaya gəlişi ilə başlayır və beləcə davam edir. Onun xaricində hər canlı dünyaya
ayaq basarkən, başqa bir aləmdə yetişdirilmiş kimi, həyat qanunlarına aşina və ən
mükəmməl sövqi-İlahi ilə (instinkt) gəlir. İnsan isə ən möhtəşəm və mübəccəl (uca)
bir varlıq olmasına baxmayaraq, bütün bu təbii instinktlərdən və həyat üçün lazımlı
funksiyalardan məhrum şəkildə dünyaya qədəm qoyur. Onun heyvani varlığının mexaniki
nizamını aşan hər şey ağıl, zehin, iradə, azadlığa meyil, hiss və daxili müşahidə
sayəsində burada təşəkkül edir. Daxili və xarici bütünlüyünə bu surətlə və mənliyinə
də ancaq bu yolla qovuşur.
Onda bir meyil və gələcəyin böyük şəxsiyyətinin əlamətlərini daşıyan bu istedadlar,
ancaq təlim və tərbiyə ilə inkişaf etdirilə bilər. Və ardınca da daxili müşahidə
və müraqibə (izləmə, təqib etmə) ilə mənəvi mərtəbələr fəth edilir. Onu öz təbii
hissləri ilə tamamilə baş-başa buraxmaq isə, nəticəsi ən yüksək mövqelər olacaq
bir nüvəni və ya nüvələr toplusunu bu gözəlliklərdən məhrum etmək,onu ən alçaq,
ən səfil və ən acınacaqlı hala salmaq deməkdir.
Aslan ona lazım olan pəncəsi ilə, mal-qara buynuzu ilə, it dişi ilə, insan da
bütün müdafiə və hücum vasitələrini özü hazırlama məcburiyyəti ilə dünyaya göndərilir.
İnsan,həyatı üçün lazım olanları əldə etmək, zərərli şeylərdən də uzaq durmaq
üçün bəsirət və zəkası ilə, iradə və ağlı ilə icad etdiklərindən istifadə edir və
bunlarla öz dünyasını – səadət dolu insani dünyasını qurur. Sonra da meydana gətirdiyi
əsərləri, könül və fikir dünyasında qurduğu, yaşatdığı dəyərləri gələcək nəsillərə
ötürür.
Belə olmalıdır, çünki o yalnız içində olduğu anı yaşamır. Keçmiş və gələcək onun
nəzərində canlı və varlığının bir parçasıdır. Buna görə də, keçmişdən bu günə qədər
təfəkkür və elm həyatımıza xidmət göstərənlər səy və cəhdlərinin səmərəsini şəxsən
görməmələrinə baxmayaraq, bezməmiş və bundan yorulmamışlar. İnsanlıq üçün çalışmış,çabalamış
elm və mədəniyyət naminə külli miqdarda miras qoymuşlar. Əgər bu fədakarlıq olmasa
idi, bu gün yer üzündə nə elmdən, nə də mədəniyyətdən danışmaq mümkün olmazdı.
Elm və mədəniyyət mirasının yanında, mükəmməl və fəzilətli insan da yenə bəşəri
səy və cəhdin səmərəsidir. Onun qabiliyyətlərini inkişaf etdirmə, davranışlarını
nizamlama, onu yaxşıya və fəzilətə sövq etmə həmişə öz növünün əli ilə olmuşdur.
Bütün tarix boyunca bir nəsil digər bir nəslin tərbiyəsini öhdəsinə almış və bunu
özünə vəzifə bilmişdir… Beləliklə, xələflərin sələflərə ən böyük hədiyyəsi də
yaxşı bir tərbiyə olmuşdur.
Tərbiyə – insanı nəfsinə uyub məqsədindən, insanlığından ayrılmasına mane olur,onun
hərəkət və fəaliyyətlərinin hüdudunu təyin edərək, nəzarətsiz buraxılmamasını və
azmamasını təmin edir. Tərbiyə eyni zamanda, insanın özü ilə dünyaya gətirdiyi qabiliyyətləri
də inkişaf etdirir və insan ruhunda sirli və gizli potensialın ortaya çıxmasına kömək edir.
İnsanda həmişə yaxşılıq və gözəllik nüvələri var. Pislik və çirkinliyin nüvələri
isə yoxdur. Şəhvət, kin və intiqam kimi duyğulara başqa aspektdən baxsaq, onların
da dolayısı ilə gözəlliklərin rüşeymləri hökmündə olduğunu görərik. Ancaq bu da
unudulmamalıdır ki, mənfi-müsbət hər şeydə görülən gözəllik bir tərbiyənin məhsulu
olduğu kimi, məhz insanın insan olması da yenə bir tərbiyəyə bağlıdır:Ağıl, iradə
və daxili müşahidəyə bütün funksiyalarını yerinə yetirdən bir tərbiyəyə… İnsanı
heyvani mövcudiyyətin fövqünə yüksəldən, səbəb-nəticə qanunları ilə cərəyan edən
təbiət qarşısında yer üzünün xəlifəsi edən, sonra da onu "Mütləq, Azad və Muxtar"
olan bir Varlığa bağlayan özünəməxsus xüsusiyyət onun əqli bir varlıq olmasında,
iradə və daxili müşahidəyə malik olmasında axtarılmalıdır.
Fəlsəfi təriflə ağıl "Qanun və prinsiplərə əsaslanaraq ümumidən xüsusi halları
çıxaran bir qabiliyyətdir." Heyvanla insan arasındakı mahiyyət fərqinin təməlində
də, xüsusilə, bu fəal ağıl durur ki, bu da insanlığa xas bir nemətdir.
İnsanı insan edən amillərin başında ağıl gəlir; amma, o, mükəmməl şəkil və kamil
halda deyil, bəsit və qapalı olaraq insana bəxş edilmişdir. İnsan özü ilə heyvan
arasındakı bu mahiyyət fərqini inkişaf etdirmək məcburiyyətindədir. Ağıl, daxili
və xarici dünya arasında körpü vəziyyətinə gəlib vicdanla birləşəndə tamamilə ayrı
bir xüsusiyyət kəsb edir. Buna əgər “axtaran”la ”tapılan”ın birləşməsi deyiləcəksə,
vicdan da əməl baxımından hökm verən, hərəkət və istiqamətimizi göstərən "ağıl"
vəziyyətinə gəlir. Ağılın zehinləşib, öz vəzifəsini yerini yetirməsində ən son qayə,
ən ülvi ideal isə Allah mərifətinə nail olmaqdır. Bu mərifətə nail olan ağıl kamala
çatmış və vicdani mükəlləfiyyətləri də çiyninə götürmüş deməkdir.
İnsanı insan edən xüsuslardan biri də onun azadlığıdır. Yəni, öz hərəkətlərini
özünün təyin etməsi, fəal bir ağıla malik olması, “ixtiyar sahibi” olmasıdır. Bunun
sayəsində insan canlı-cansız bütün təbiətin fövqünə qalxar, hərəkətlərinə nəzarət
və əməllərinin hesabını vermə qabiliyyətini qazanar. İnsanın iradəsini inkar edənlərin
və çox səthi fikirli bəzi pozitivist və materialistlərin əsassız mülahizələrini
aradan qaldırmaqla, yəni azadlıq və insan iradəsini nəzərə alaraq əxlaqiliyi və
onun əksini izah etmək mümkündür.
Demək ki, insanda azad və muxtar bir yönün, yəni təbiətdəki qanunlar tərəfindən
təyin edilməyən bir cəhətin mövcud olduğunu və bunun da əxlaqa əsaslandığını qəbul
etmək, uca bir aləmə müxatəb olma, sonra da belə bir müxatəbliklə bağlı mükəlləfiyyətləri
yerinə yetirmək; xarici təlqin və daxili müşahidə ilə yaxşı-pisi ayırd etmə kimi
vəziyyətlər üçün zəruridir.
Daha sonra, xarici aləmlə əlaqəli qavrayışlar və daxili sezişlər -mənaların nurdan
zərrələr halında vicdanda əks olunması və təsdiqlənməsi- yaşadığımız aləmdən çox-çox
uzaqlara pəncərələr açır ki, bu dövrədə insan içində yaşadığı məkan hüdudlarından
yuxarılara doğru yüksəlişi hiss edir. Ağılın cövlanı, iradənin qətiliyi və müşahidənin
sağlamlığına görə "merac" deyəcəyimiz belə bir xüsus hər fərdə aiddir və hər şəxs
əlindəki kasa və içindəki kövsərə (imanına) görə bundan öz payını alar.
Bunların üfüqündə isə, ən kamil zəkaların, ən möhtəşəm iradələrin və ən dərin
daxili müşahidə və zövq sahiblərinin çatdığı bir nöqtə var ki, o da, varlığımız
arxasında varlığını, iradəmizdə iradəsini hiss etdirən və bizi bu nəşvəyə çatdıran
möhtəşəm Yaradanın bənzərsiz gözəlliyini müşahidə etməkdir.
Əsrlərdən bəri insanlar bu ülvi səfərə qarşı yad və biganədir. Onu, mahiyyətinin
mərifət zirvəsinə qovuşdurmaq; ağlını inkişaf etdirib iradəsinə güc vermək, hiss
aləmini duruldub təbiətin gizli aləmi ilə təmasını təmin etmək, böyük tərbiyəçilərimizin
vəzifəsidir.
Bütün tərbiyəçilərə bir daha səslənib elan edirik ki, maşın çarxları arasında
maşınlaşan nəsilimizə, onu əsl insanlıq zirvəsinə yüksəldəcək tərbiyəni verməkdə,
əgər bir az da geciksəniz, tarix qarşısında böyük miqyaslı barbarlaşmanın məsulu
siz olacaqsınız.!
Sızıntı, İyul 1979








