Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton 14-15 Noyabr 2008 tarixləri arasında dünya miqyaslı bir konfransa ev sahibliyi edəcək. “Corctaun Universiteti”ndə həyata keçiriləcək “Qlobal Problemlər Dövründə İslam: Gülən Hərəkatının Alternativ Perspektivləri” adlı konfransda dünya şöhrətli qırx alim iki gün ərzində Gülən Hərəkatının dünya miqyasındakı fəaliyyətlərini və qlobal problemlərlə üzləşən dünyada İslamın yerini müzakirə edəcək.
Konfrans 13 Noyabr tarixində “Corctaun Universiteti”ndə təşkil olunan açılış
yeməyi ilə başlayacaq. Dünyanın müxtəlif ölkələrindən konfransa dəvətli olan
qırx alimlə yanaşı, Amerikanın mötəbər müəssisələrindən tanınmış fikir adamları,
Amerika Konqressinin nümayəndələri və bir çox ölkənin səfirlik nümayəndələrinin
iştirak etməsi gözlənilir.
Mərkəzi Vaşinqtonda yerləşən “Rumi Forum”, “Corctaun Universiteti” Rektorluq
Ofisi və “Corctaun Universiteti” Müsəlman-Xristian Qarşılıqlı Anlayış Mərkəzi (CMCU)
tərəfindən ortaq təşkil olunan konfransın açılışını Dr. Tomas Mişel və Dr. Con
Esposito edəcək. “Corctaun Universiteti” Rektoru Dr. Con DiGioianın himayədarlığı
ilə həyata keçiriləcək konfransa elə indidən çox yüksək maraq olduğunu ifadə
edən konfransın koordinatoru Dr. Əli Yurtsever konfransın xalqa açıq və
ödənişsiz olduğunu ifadə edərək, iştirak etmək istəyənlərin
www.gulenconference.us saytından qeydiyyatdan keçə biləcəklərini dedi.
Konfransda müzakirə olunacaq mövzuların bəziləri isə bunlardır:
- Qlobal Bir Problemlə Mübarizə: Yoxsulluq
- Dialoq: Birlikdə Yaşama Sənəti
- Qloballaşma: Fürsətlər və Problemlər
- Sülhün Təhsillə Təmini
- Qadın Haqqlarına Bir Nəzər
- İslami Ənənənin Yenidən Şərhi
- Şiddətin Həll Yolları: Dialoq və Sonrası
- Ruhanilik və Sufizm
- Din və Dövlət
- Nümunələri ilə Gülən Hərəkatının Alternativ Perspektivləri








