Zülmün yeni versiyası və formal müsəlmanlıq

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Sınıq səhəng (Kırık testi) » Zülmün yeni versiyası və formal müsəlmanlıq

Fəthullah Gülən: Zülmün yeni versiyası və formal müsəlmanlıq

Sual: Zülm və haqsızlıqlara susmayıb insanları pis əməllərdən çəkindirməyə çalışanlar böhtanlara, təhdidlərə və təzyiqlərə məruz qalırlar. Quran və Sünnə bu cür insanlarla necə davranmağı əmr edir?

Cavab: Allah-taala: “Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz, (onları) yaxşı işlər görməyə çağırır, pis əməllərdən çəkindirir və Allaha inanırsınız” (“Ali İmran” surəsi, 3/110) ayəsi ilə bəşəriyyət içində ən xeyirli ümmətin Məhəmməd ümməti (əleyhissalatu vəssəlam) olduğunu bəyan buyurmuşdur. Deməli, “ən xeyirli ümmət” olmaq üçün “insanları yaxşılığa çağırmaq və pis əməllərdən çəkindirmək”, başqa sözlə desək, yaxşılığı yaymaq, pisliyin fəsadlarından da insanları qorumağa çalışmaq bir zərurətdir. Bu baxımdan mömin mələklərdə belə qibtə hissi oyadan nümunə bir nəsil yetişdirmək məqsədi ilə bir tərəfdən yaxşılığı əmr edərək insanların xeyirxahlıq və gözəl əməllərlə ali məqamlara yüksəlməsinə zəmin hazırlamalı, digər tərəfdən də insanları Allahın (cəlaluhu cəlaluhu), Rəsulullahın (sallallahu aleyhi və səlləm), ağlın və bəşər təbiətinin çirkin gördüyü əməllərdən çəkindirməyə çalışmalıdır.

Hiss etdirmədən yaxşılıq

Pis əməllərdən çəkindirməyin çərçivəsi və hüdudları düzgün müəyyənləşdirilməlidir. Əvvəla unutmayaq ki, insanları pis əməllərdən çəkindirməkdə əsas hədəf şəxs deyil, şəxsin pis xüsusiyyətləri olmalıdır. Başqa sözlə desək, pis xüsusiyyətlər insana yoluxan virusa bənzəyir. Əsas məqsəd vücudun virusdan təmizlənməsi, beləliklə, sağlamlığına və rahatlığa yenidən qovuşmasıdır. Ona görə də, mömin mənfi xüsusiyyətlərin əleyhinə olsa da, hətta onlara qarşı müharibə elan etsə də, bu cür qüsurların sahiblərinə mümkün qədər mərhəmətlə baxmalı, onlarla münasibətdə yumşaq dil və üslubdan istifadə etməlidir. Hətta bu cür insanları pis əməllərdən çəkindirərkən sizin onların xoşagəlməz əməllərinin əleyhinə olub-olmadığınızı belə hiss etməməlidirlər. Bəli, siz incə üslubunuzla onları pis əməllərindən özləri də bilmədən çəkinməyə vadar eləməlisiniz. Bu, Peyğəmbər yolunun üslubudur.

Xoşagəlməz hərəkət və davranışlara pisliklə cavab versəniz, pisliyin qarşısını almaq bir yana, onu daha da körükləmiş olarsınız. Xüsusilə də, xoşagəlməz duyğu və düşüncələrin beyinlərə yeridildiyi və bunun təsirinə düşən insanların da bir çox naxoş hərəkət və davranışlara yol verdiyi belə bir vaxtda bu düstur daha böyük əhəmiyyət kəsb edir.

O halda siz, Həzrət Mövlananın sözü ilə desək, şəfqət və mərhəmətdə hər kəsin başını oxşayan Günəş kimi, təvazökarlıq və sadəlikdə ayaq altına sərilmiş torpaq kimi, səxavətlilik və yardımlaşmada bitkilərə həyat gətirən yağış kimi, insanlara fayda verməkdə sərin kölgəsi ilə ürəyə su səpən ağaclar kimi, qüsurların üstünü örtməkdə hər şeyi qaranlıq qoynunda gizlədən gecə kimi, hiddət və qəzəbdə hərəkətsiz dayanan ölü kimi, xoşgörüdə ucsuz-bucaqsız ümman kimi olmalısınız. Xüsusilə də, eyni qibləyə üz tutduğunuz, eyni yerə səcdə etdiyiniz halda, şeytanın vəsvəsələri və ya nəfsi-əmmarənin təsiri ilə bir sıra xətalara yol verən və sizdən uzaqlaşan insanlara münasibətdə bu mövqeyinizi qorumalısınız. Onlar sizdən uzaqlaşsa da, siz yerinizdən tərpənməməlisiniz. Çünki onlar sizdən on kilometr uzaqlaşdıqda siz də on kilometr aralansanız, aradakı məsafə iyirmi kilometrə çatar. Əksinə, siz yerinizdən tərpənməsəniz, məsafə yarıbayarıya düşər. Uzaqlaşmaq da sizin deyil, onların xətası olar. Əgər bir gün peşman olub qayıtmaq istəsələr, çox zəhmət çəkməz, elədikləri xətaları müxtəlif demoqogiya ilə kompensasiya etməyə çalışmazlar. Fitnəni körükləmək məharət deyil, əsl məharət fətanət qalxanını fitnəyə sipər etmək və Allahın izni ilə ona son qoymaqdır.

İzzət və ləyaqət hissi ilə sınağa çəkilmək

Bəziləri şərəf, ləyaqət və izzətini qorumaq üçün bu cür insanlara etiraz etməyi vacib bilir. Amma şərəf və ləyaqətdən tac qoyan və bu həssasiyyətdə bizlərə ən gözəl nümunə olan Bəşəriyyətin İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) gələcək müvəffəqiyyətləri düşünərək yeri gələndə bəzi dönüş nöqtələrində bir addım geri çəkilmişdir. Bununla da lazım gələrsə, geri çəkilməyin müsəlman anlayışına yad bir strategiya olmadığını göstərmişdir.

Məsələn, O (sallallahu aleyhi və səlləm) Mədinədəki səhabələri ümrə etmək üçün yola çıxarmış, onlarla birlikdə at və dəvələrin belində təxminən 400 kilometr yol qət etmişdi. Lakin Məkkəyə çatmağa altmış-yetmiş kilometr qalmış müşriklər yollarını kəsmiş, onları Məkkəyə girməyə qoymamışdılar. O gün hələ hidayətə gəlməyən, ancaq sərkərdəlik məharəti ilə şöhrət tapan Xalid ibn Vəlid ordusu ilə müsəlmanları mühasirəyə almışdı. Buna baxmayaraq Bəşəriyyətin İftixarı Peyğəmbərimiz heç nə deməmiş, susmuşdu. (Bax: İbn Hişam, “əs-Siratün-nəbəviyyə”, IV/275-276). Halbuki səhabələr Onun bir işarəsi ilə döyüşə atılar, Allahın izni ilə Xalid ibn Vəlidin də, Amr İbn Asın da öhdəsindən gələr və Kəbəyə girərdilər.

Öz ləyaqət və şərəfini qorumaqla yanaşı, əshabının şərəf və ləyaqətini əmanət bilən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) səhabələrinə söz verməsinə, onların duyğu-düşüncələrinə bələd olmasına baxmayaraq, müşriklərlə müqavilə bağlamış və həmin il müsəlmanların Məkkəni ziyarət etmədən geri dönəcəyinə dair maddəni qəbul etmişdi. Müqavilə bağlandıqdan sonra ümrəni yerinə yetirmədən səhabələri ilə birlikdə Mədinəyə qayıtmışdı. Üstəlik O (sallallahu aleyhi və səlləm), müqavilənin başına yazılan “Allah Rəsulu” ifadəsinə etiraz edən müşriklərin istəyini nəzərə alaraq həmin kəlməni başqa bir sözlə dəyişdirmişdi. O cümlədən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Hüdeybiyyədə zahirən müsəlmanların əleyhinə görünən “Məkkədən Mədinəyə getmək istəyənlər qəbul edilməyəcək. Əksinə, Məkkəyə qayıtmaq istəyənlərə isə əngəl olunmayacaq” və s. maddələrini də qəbul etmişdi. Hətta müzakirələr əsnasında Əbu Cəndəl Həzrətləri kimi Məkkədə işgəncə çəkən bəzi müsəlmanlar Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) sığınmış, ancaq müşriklərin təkidi ilə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) səhabəsini könülsüz də olsa, onlara təslim etmişdi.

Bütün bu hadisələr, bir mənada şərəfin və etibarın tapdalandığı bir məqam idi. Səhabələrin çəkdiyi iztirabları vicdanında duyan Bəşəriyyətin İftixar Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu hadisələri səbirlə qarşılamışdı. Buna bir mənada geri addım atmaq kimi baxmaq olar. Ancaq eyni zamanda mənən güc toplamaq və irəliyə doğru addım atmaq üçün mühüm bir strategiya idi. Belə ki, Onun Hüdeybiyyədə geri addım atması Kəbənin fəthinə əlverişli zəmin hazırlamış və Məkkəni asanlıqla fəth edilmişdi.

“Fəal səbir” və inayətin təcəlli etdiyi an

Bizim də şərəfimizi tapdalaya, ləyaqətimizə toxuna və rəncidə edə bilərlər. Kin, nifrət və həsəd hissi onları gördüyümüz ən gözəl işlərə qarşı çıxmağa, gözəl fəaliyyətləri şeytan işi adlandırmağa vadar edə bilər. Bir vaxtlar dini duyğu-düşüncələrə dözümü olmayanlar sizə hücum çəkir, hər yeri ələk-vələk edir və nəzarətdə saxlayırdılar. Aradan illər ötdü, amma çox şey dəyişmədi. İnancsız insanların yerinə ərafdakılar gəldilər və bu zülmü davam etdirdilər. Onlar da gedəndən sonra bu dəfə müəyyən güc və imkanları ələ keçirən bəzi müsəlmanlar gəldi. Bu müsəlmanlar da bir vaxtlar dindar olduğunuza görə sizə zülm edənlərin yolu ilə getməyə başladılar. Anadolu insanının min bir zəhmət və göz yaşı ilə açılmasına vəsilə olduğu hazırlıq kurslarına, tələbə yataqxanalarına və məktəblərə düşmən münasibət bəslədilər. Nöqsan aşkarlamaq məqsədi ilə adamlarını həmin təhsil ocaqlarını təftiş etməyə göndərdilər. Çünki qısqanclıq və həsəd insana bəzən kafirin eləmədiy pisliyi elətdirir.

Ancaq biz bütün bu şər əməllərdən sarsılmamalı, “şərəfim, ləyaqətim” deməməli, əksinə, Allah-taalanın bəzi hikmətlərinə görə pisliklərin edilməsinə izin verdiyini və Onun izni olmadan heç kimin bizə zərər verə bilməyəcəyini unutmamalı, hikmətinə və mərhəmətinə etimad edib Ona üz tutmalı,

Gəlsə cəlalından cəfa, yaxud camalından vəfa,
İkisi də cana səfa, lütfün də xoş, qəhrin də xoş.

deməli və Haqqın inayət mehinin əsəcəyi anı gözləməliyik. Zülm və haqsızlığı din düşmənləri də etsə, ərafdakılar da işləsə, həsədkar möminlər və ya zahirən müsəlman kimi görünən və alnını yerə qoyan şəxslər də rəva görsə, biz duyğu, düşüncə və prinsiplərimizdən əsla dönməməliyik. Qapılarımız hər zaman, hər kəsə açıq olmalıdır, hər kəsə sevgi çələngləri göndərməyi bacarmalıyıq. Bizə ox atanlara gül-çiçəklə cavab verməliyik. Onlar bunu istər anlasın, istər anlamasın, biz Quran və Sünnədən götürdüyümüz üsul və üsluba son nəfəsədək sadiq qalmalıyıq.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message