Sual: Mömin üçün həqiqi “zəfər” nədir və necə əldə edilir?

Cavab: İnsan bu dünyada ruh və bədən kimi bir-birindən fərqli iki gücü təmsil edir. Zaman-zaman bu iki gücün birləşib bir bütöv meydana gətirdiyi müşahidə olunsa da, daha çox bir-biri ilə zidləşdikləri və birinin zəfərinin digərinin məğlubiyyəti ilə nəticələndiyi görülmüşdür. Bədəni arzu və istəklərin şahə qalxdığı və azğınlaşdığı bir bünyədə ruh, çəlimsiz, əlacsız və cismani arzuların köləsidir, buna qarşılıq nəfsin iştahalarına üsyan edildiyi, qəlbin ağıla, ruhun bədənə hakim olduğu bir bünyədə isə ruh min-bir labirinti bir göz qırpımında aşan və bir anda əbədiyyətə çatan azadlıq abidəsidir.

Ruhda Əbədiləşmənin Sirri

Hər oymağında yüzlərlə zəfər nəğməsi söylənsə və hər yeri saysız-hesabsız gül-çiçəklə bəzənsə də, ruhən çökmüş bir ölkənin məzardan fərqi yoxdur. Bəli, ruhun zəfər sədaları üzərinə qurulmamış bir dünya qaba qüvvətin əlində oyuncaq, onun fəzilət dolu iqlimində böyüməmiş mədəniyyət, bəşəriyyətin yolunu kəsmiş bir cadugər və belə bir ölkədə yaşayan kütlələr də böhrandan-böhrana süründürülən gözübağlı talesizlərdir. Əfsuslar olsun ki, şəxsi həzz və zövqlərindən başqa bir şey düşünməyən və heç cür öz varlığını başqalarının səadəti ilə birləşdirə bilməyən insanlara heç vaxt bunu izah etmək də mümkün olmayacaq.

Ah! Nə olardı, bir dəfə onlar da nəfs və mənlik baxımından yoxluğu dadıb ruhda əbədiləşmənin sirrini qavraya bilə idilər!..

Sinəsini ən uca məfkurə və insanlıq sevgisi ilə süsləyənlər, qəlbin enerji balansını nizamlamış, duyğularını ən ülvi hədəflərə doğru istiqamətləndirmiş və daxilən əbədiliyə ucalmışlar. Bir həmlədə bəhim (heyvani) yaşayışdan qurtulub cismani həzləri aşan bu xoşbəxt insanlar ruhlarını coşdurmuş, qəlblərini qanadlandırmış və nəfslərinə qalib gəlib insani yönləri ilə zəfər çalmışlar.

Güclü və müzəffər insan özünü məğlub edən insandır. Nəfsin və pis ehtirasların əsarətindən xilas ola bilməmiş miskin insanlar, dünyanı fəth etsələr də, məğlub sayılırlar. Belələrinin bütün dünyanı işğal etmələrinə fəth deyilmədiyi kimi, zəbt etdikləri yerlərdə uzun müddət hökm sürmələri də qeyri-mümkündür.

Əsl Qəhrəmanlar

Özünü dünyanın yeganə hakimi görmə çılğınlığı ilə filosof Molmeyin simasında elm və fəziləti ayaqlar altına alan Napoleon, görəsən, ruhdakı bu həzimət və məğlubiyyətin Yenadakı məğlubiyyətdən daha ağır və daha alçaldıcı olduğunu anlaya bilmişdimi?..

Merzifonlu, ordusunun Vyanadakı məğlubiyyətindən əvvəl, öz içində məğlub olmuşdu. Onun ruhundakı həzimətlə başlayıb yayılan tariximizdəki bu ilk məğlubiyyət, onun kəlləsini uçurmaqla yanaşı, dünyanın ən əzəmətli fateh ordusuna fərarilik kimi, o günə qədər heç bilmədiyi bir zilləti də öyrətdi.

Aslan ürəkli İldırım Xan Çubuqda deyil, rəqibini həqir və özünü yer üzünün yeganə hökmdarı saydığı gün məğlub olmuşdu…

Və bəşər tarixi ruhun məğlubiyyətinə məruz qalmış hələ bir çoxuna şahid olmuşdur.

Həmçinin, Tarık bin Ziyad da Herakl sütunlarını aşıb bir ovuc fədaisi ilə doxsan minlik İspaniya ordusuna qələbə çaldığı zaman deyil, Əndəlüsü fəth etdikdən sonra Toleytulada xəzinə otağına girib qızılları, ləl-cəvahiratı görüncə öz-özünə: "Tarık, dünən bir kölə idin. Bu gün müzəffər bir komandansan. Sabah nə olacağını da ancaq Allah bilir…" -dediyi və sonra təkəbbürə, qürura qapılmamaq üçün yatağını saraya deyil, axura sərdirdiyi gün ruhu ilə qanadlanmış və həqiqi nüsrəti (qələbəni) əldə etmişdi.

Səlahəddinin "Aslan Ürəkli Riçard"a qarşı mərdliyi, qürur və təkəbbürdən özünü unutmuş bu məğrur hökmdarı heyrətə gətirmiş və çox utandırmışdı. Həmçinin, Alparslanın Roman Diyogeni hönkür-hönkür ağladan mürüvvət və alicənablığı; Antalya Qalasında vəhşi xaçlılara qarşı üz-üzə mərdliklə çarpışdıqdan sonra, ələ keçirdiyi əsirləri azad edən Qılıncarslanın əsalət (ali soyluluq) və insanlığı məhz bu uca ruhun zəfərləri idi…

Fatehin Bizans qalaları önündəki, o dövrə görə, o ən əzəmətli və müasir ordusunun gücünə güc qatan, ona dövrün qapılarını taybatay açan ən böyük gücü də Ağşəmsəddinlərlə təmsil edilən həmin ruh və iman qüvvəti idi. Fateh azğın maddi iqtidarın təmsilçisi deyildi. O, hərbi dirayət, dahilik və iqtidarı ilə bu uca ruh və inancı təmsil edirdi. Elə olmasa idi, onun İstanbula girişi də Sezarın Romaya girişi kimi olmazdımı?.. Halbuki, o, Bizansın bu köhnə paytaxtına Məkkəni fəth edən Müqəddəs Ruhun əfvediciliyi, müsamihəsi, məğlub olanlara sonsuz haqlar bəxş etməsi və mərdliyi kimi yüksək xisləti təmsil edərək girirdi.

Dünyanı iki hökmdara az görən Yavuz dünyanın dörd bucağını vəlvələyə salan fateh ordusu ilə krallara tac qoyub tac aldığı günlərdə deyil, Ridaniyə zəfərindən sonra İslam aləminin yeganə hökmdarı ünvanı ilə İstanbul qapılarında təbəəsinin alqışlarını görməmək üçün xalqın yuxuda olduğu vaxtı gözləyib paytaxta səssizcə girdiyi zaman həqiqi fateh; müəlliminin atının ayağından sıçrayan palçıqla çirklənmiş, -əstağfirullah- ətirlənmiş cübbəsinin tabutuna sarılmasını vəsiyyət etdiyi zaman da həqiqi müzəffər idi.

Bizim dünyamız xaricində, nadir nümunələrdən biri olan Romalı sərkərdə Katon Kartacalıları məğlub etdiyi zaman deyil, ordusu zəfər nərələri ilə paytaxta girərkən, at və formasını krala təslim edib: "Mən millətimə xidmət etmək üçün vuruşdum, indi vəzifəm bitdi, kəndimə qayıdıram" -dediyi vaxt alqışa layiq bir qalibiyyətə ucalmış və millətinin könlündə taxt qurmuşdu…

Gələcək, Mənfəət Düşüncəsindən və Eqoizmdən Uzaq İnsanların Olacaq!..

Buna görə də, bir ağacın boy atıb inkişaf etməsi üçün kökləri nə ifadə edirsə, insanın da maddi-mənəvi füyuzat hisslərindən fədakarlığı eyni şeydir. Ağac köklərinin möhkəmliyi nisbətində inkişaf etdiyi kimi, insan da mənfəət düşüncəsindən və eqoizmdən sıyrılıb, başqaları üçün yaşadığı zaman inkişaf edər, yüksələr və başı buludlara dəyər.

Bəli, belə qəhrəmanlıq görmək üçün mütləq bizim dünyamıza səyahət etmək lazımdır. Çünki nəfsi təkəbbürləndi deyə, kürəyinə bir çuval un yükləyib camaata qarışan dövlət rəisi; bir həmlədə Qərbin ən güclü ordularını tarimar edib, sonra kralın sarayındakı xəzinələr önündə: "Dünən bir çölçü idin, bu gün müzəffər bir sərkərdə, sabah torpaq altında hesab verən bir insan" -deyən, qələbədən gözləri tutulmamış, xəyalına başqa sevdalar girməmiş sərkərdə; Şərq və Qərbə hökm etdiyi bir dövrdə bir həqiqət qəhrəmanının atının ayağından sıçrayan palçıqla ləkələnmiş cübbəsinin tabutuna sarılmasını tövsiyə edən böyük əsgər və rəhbər ancaq bu anlayışlı insanlardan zühur etmişdir. Orduların başında dünyanı əzib keçən, taxtına oturanda dünyanı idarə edən, lakin eyni zamanda gecə xəlvəti zahidliyə bürünən həqiqi qəhrəmanı tanımaq üçün mütləq bizim iqlimimizə baş çəkmək lazımdır. Çünki taxt-taclarla dikəlməyən, qürurlanmayan, əvvəli və axırı eyni olan, önü və sonu bir-birinə bənzəyən, həyat və hadisələr önündə dəyişməyən, eşqi, həyəcanı və iniltiləri ilə mələyi, fələyi vəlvələyə salan talelilərə yalnız bizim dünyamızda rast gəlmək olar.

Bizdə nəfsin cilovlanması, fərdin öz-özünü məğlub etməsi bir əsasdır. "Ən böyük cihad" ünvanı ilə fərdin qəlbində başlanan bu mücadilə, daha sonra onun bütün davranışlarını təsir altına alaraq, ona məğlubedilməzliyin sirrini öyrədər. Çünki öz içində zəfər əldə etmiş belə bir qəhrəman, maddənin və gücün bütün hiylələrini bir anda yox edər. "Tur"un sirrini ruhuna hopdurmuş bir igidin nəzərində, kəmiyyət bütün dəbdəbə və ehtişamı ilə, keyfiyyətin zərrəsinə ram olar. Əksinə, nəfsin əsir və zəbunu olan bir insan İskəndər də olsa, zavallıdır və acınacaqlı haldadır.

Buna görə də, bizim zəfərlərimiz və bu zəfərləri bizə hədiyyə edən qəhrəmanlarımız başqalarından tamamilə fərqlənmiş və başqa bir ab-hava nümayiş etdirmişlər. Şübhəsiz ki, bizim tariximizdəki həqiqi fateh və müzəffər sərkərdələr həmişə bu daxili zəfərin qanadları ilə yüksəlmiş və bunun sayəsində Xızır əleyhissalamın söhbətinə müxatəb olmuşlar.

Xülasə, ali duyğu və yüksək idealları könüllərində abidələşdirə bilməyənlər, şəxsi istək və arzularına qarşı gələ bilməyənlər, Haqqa hörmət və həqiqətə ehtiram zövqünü dərk edə bilməyənlər dünyanın bütününü fəth etsələr də, əsla müzəffər sayıla bilməzlər. Çünki onların müvəqqəti qələbələri, əslində böyük məğlubiyyətlərinin qaranquşlarıdır. Məğlubiyyətləri əbədi müvəffəqiyyətə çevirmənin yolu isə, sadəcə ruhun zəfərinə nail olmaqdan keçir.

Gələcəyin həqiqi müzəffərləri, başqa deyil, ruhu ilə ölümsüzlüyə qovuşaraq sonsuz səadətə nail olmuş talelilər arasından çıxacaq.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message