Möminin şərlə mücadiləsi

Fəthullah Gülən: Möminin şərlə mücadiləsi

Sual: Mömin zülm və haqsızlıqla necə mücadilə aparmalıdır?

Cavab: İslam yer üzünə əndazəsindən çıxmış bütün düşüncə və əməlləri aradan qaldırıb cahanşümul ahəngi bərqərar edən bərabərlik və ədalət düsturlarını gətirmişdir. İslam şər əməllərlə mücadilədə passivlik və miskinlik göstərməz, nə zülmü xoş qarşılayar, nə zülmə boyun əyər, nə də zalımlarla mübarizə adı ilə zülm və haqsızlığa yol açan zorakılıq və ifratçılığa göz yumar. Mömin lazım gələndə sarsılmaz bir qala, bükülməz bir bilək kimi mərd-mərdanə zülmün qarşısında dayanar, qorxmadan, geri addım atmadan haqqın ehyası naminə əlindən gələni əsirgəməz. Ümumən, o, son dərəcədə təvazökar insandır; hamıya şəfqət, mərhəmət göstərər, hər kəslə mülayim rəftar edər.

Məsələn, ismət, namus, heysiyyət, şərəf, vətən, ölkə, azadlıq, dövlət kimi dəyərlərə hücum edən təcavüzkar bir düşmənlə qarşılaşan möminin vəzifəsi bükülməz bilək, əyilməz baş kimi meydana atılmaqdır. Müharibə sona çatıb sülh danışıqlıqları başlayanda isə bir hilm (mülayimlik) abidəsi kimi barışığa üstünlük verər, sülh şəraitində İslamiyyətin gözəlliklərini yaşamağa və yaşatmağa çalışar. Çünki Qurani-Kərim buyurur:

“Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha təvəkkül et!”

“Maidə” surəsində keçən bir ayədə möminin xüsusiyyətləri bir başqa aspektdən sadalanır:

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim (təvazökar) olar, kafirlərə qarşı isə izzətlərini qoruyarlar” (“Maidə” surəsi, 5/54). Onlar möminlərlə münasibətdə son dərəcədə təvazökar, sadə və mülayim olurlar. Bu həlimlik o səviyyədə olar ki, kənardan baxanda “zillət” kimi görünər. Küfründən əl çəkməyən insanlara münasibətdə isə möminə xas izzəti qoruyarlar. Onların qarşısında əyilməzlər. M. Akifin misraları bunu necə də gözəl ifadə edir:

Yumşaq başlı isəm, kim dedi uysal qoyunam?
Kəsilər bəlkə, fəqət çəkməyə gəlməz boynum!

Budur izzətin əsl prototipi! Ancaq bir daha qeyd edək ki, bu iki fərqli rəftarın yerini düzgün müəyyənləşdirmək lazımdır.

“Yarıb ürəyinə baxmısan?”

Məsələn, qəhrəmanlıq (şücaət) gözəl bir xüsusiyyətdir. Həzrəti Xalidin (radiyallahu anh) qəhrəmanlığına valeh olmayan adam yoxdur. Müsəlman olduqdan üç gün sonra göstərdiyi şücaət hər kəsi mat-məəttəl qoymuşdu. Ancaq “Müsəlman olduq!” deyə bilmədiklərinə görə “Sabii olduq! Sabii olduq!” deyənlərin bir hissəsini öldürmüş, bir hissəsini də əsir götürmüşdü. Hadisə Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) çatanda Allah Rəsulu əllərini qaldırmış: “Allahım, Xalidin əməlindən Sənə sığınıram!” (Buxari, “Məğazi”, 58) demiş və buna çox kədərlənmişdi. Buna bənzər bir başqa hadisədə də kəlmeyi-şəhadət gətirən düşməni öldürən Həzrəti Üsaməyə (radiyallahu anh): “Yarıb ürəyinə baxmısan?!” (Buxari, “Məğazi” 45) deyərək ciddi məzəmmət etmişdi. Göründüyü kimi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) müsəlmana öyrədir ki, qızğın döyüşdə belə ədalət düsturlarına əməl edilməlidir.

Zorakılıq əvəzinə ağıl və diplomatiya

Digər tərəfdən mömin bilməlidir ki, qarşı tərəf düşmən də olsa hər məsələ qılıncla, topla, tüfənglə həll olunmur. Bəzən siz məsələni zorakılıqla, qaba qüvvə ilə həll etməyə çalışdıqca kin və nifrəti körükləmiş, düşmənlərini məzlum vəziyyətinə salmış və onların tərəfdarlarını çoxaltmış olarsınız. Bu da mövcud problemin daha da böyüməsinə gətirib çıxarar ki, artıq onun öhdəsindən gəlmək mümkün olmaz. Halbuki qaba qüvvə ilə deyil, məsələni diplomatiya ilə həll etməyə çalışsanız, daha gözəl nəticələr əldə edərsiniz.

Məsələn, şəxsən Yavuz cənnətməkanı çox sevirəm. Hətta bir-iki sultan istisna, onu bütün padşahlardan üstün görürəm. Ancaq onun bəzi hərbi strategiyası bu dar məntiqimə sığmır. Yavuz həqiqətən güclü-qüvvətli idi, arxasında da bükülməz biləklər vardı. O: “Ölümə atılın!” əmrini verəndə gözünü qırpmadan əmrinə tabe olan böyük bir orduya malik idi. Qarşı tərəfdə isə İslam aləminə fitnə salan və fars hərisliyi ilə hərəkət edən fitnəkar bir dövlət vardı. Yavuz İslamın birliyini qorumaq və dünyaya nizam gətirmək məqsədi ilə onlarla müharibə etmiş və zəfər qazanmışdı. Ancaq qaba qüvvə ilə hərəkət etmək əvəzinə bütün alternativ yollara – məntiqli, diplomatik vasitələrə baş vursaydı, bəlkə də, bu günədək gəlib çıxan fitnələrə zəmin hazırlanmazdı. Bu məsələdə tərəddüdlərim var. Əgər səhv düşünürəmsə, o böyük insandan üzr istəyirəm. Günah edirəmsə, Allah məni bağışlasın! Ancaq ağılın, məntiqin, mühakimənin və diplomatiyanın əhəmiyyətini vurğulmağı da vacib hesab edirəm.

Baxın illərdir ölkəmizdə terrorun öhdəsindən gələ bilmirlər. Otuz ildir şiddətlə, hiddətlə həll etmək istədilər, ancaq hələ də problem problem olaraq qalır. Görəsən bunun qarşısını başqa yollarla almaq mümkün deyildimi? Müəllim, polis, din adamları, doktorlar, qaymaqamlar vasitəsilə bu insanların qəlbinə yol tapa bilsəydik, dağa aparan cığır əvəzinə, məktəbə, universitetə aparan geniş yolları göstərə bilsəydik, qabaqlarına tökülən pullara tamah salmasınlar deyə iş imkanları ilə təmin etsəydik, problemi həll edə bilməzdik. Budur diplomatiya. Ancaq çox vaxt zorakılıq düşüncəsi ağıl və məntiqin mükəmməl işləməsinə mane olur. “Güc tətbiq etməklə diz çökdürərəm” düşüncəsi alternativ siyasi və strateji addımların yolunu kəsir.

Mənfəət xatirinə olan “zillət” təvazökarlıq deyil

Şərlə mücadilənin bir qolunu ağıl (məntiq), mühakimə, diplomatiya, mülayim dil və üslub, digər qolunu isə düşmənlərin gücü qarşısında heç vaxt əyilməmək, həmişə mətin dayanmaq təşkil edir. Bu baxımdan zülm və haqsızlıq edənlərin qabağında mənfəət xatirinə alçalmaq məhviyyət və təvazökarlıqla qarışdırılmamalıdır. Bu tamam fərqli bir şeydir. Təəssüf ki, bəzi hallarda qövli-leyyin, hali-leyyin və tövri-leyyin (mülayim söz, mülayim hal və hərəkət, mülayim rəftar) kimi haqq və həqiqət yolunun düsturlarından qoluzorluları yaranmaq və onlara şirin görünmək üçün istifadə edilir. Bəli, bəzi zəif xarakterli insanların mülayim söz və davranışlar sərgiləməkdə məqsədi etibar qazanmaq, iltifat görmək və ya bir vəzifə əldə etməkdir. Şübhəsiz ki biz: “Sən riyakarsan, münafiqlik edirsən!”, – deyib kiminsə barəsində sui-zənn edə bilmərik. Hətta bəzi bəsirətli insanlar bu zəif adamların hərəkət və davranışlarındakı həqiqi niyyətlərini sezsələr də, bunu obyektiv bir hökm kimi ortaya qoya bilməzlər. Əks halda, günah işləyər və buna görə Allaha hesab verərlər. Hamı öz hərəkət və davranışlarını öz vicdanında ölçüb-biçməli, özünü hesaba çəkməlidir.

Şübhəsiz ki, xalqın müxtəlif təbəqələri arasında sülhü, əmin-amanlığı və qardaşlıq münasibətlərini bərqərar etmək naminə həyata keçirilən fəaliyyətlər və çəkilən zəhmətlər insana savab qazandırır. Ancaq şəxsi mənafe, şöhrət, şan, rəğbət, məqam, mənsəb, alqış, təqdir, rahat həyat xatirinə onun-bunun qarşısında əyilmək, iki qat olmaq və başqalarının qarşısında əmrə-müntəzir dayanmaq zillətdən başqa bir şey deyildir.

Ancaq problemlərin həllində mümaşat (yola getmək) və müdarat (dost kimi görünmək) üslubunu zillətlə qarışdırmamaq lazımdır. Mümaşat və müdarat insanları xoş görmək, əmin-amanlığa zəmini hazırlamaq və düşmənlə qarşıdurmaya imkan verməmək niyyəti ilə ortaya qoyulan davranışlardır. Hafiz Şirazi deyir ki, iki cahanın səadətinə iki fəzilətlə nail olmaq mümkündür. Birincisi, dostlara mürüvvət göstərmək, ikincisi isə düşmənlərlə yol getməkdir. (Hafiz Şirazi, “Divani-Hafiz Şirazi, s.4 (5-ci qəzəl)). Bu aspektdən baxanda düşmənə qarşı izzətli olmaq ələ fürsət keçdikcə onlarla müharibə və münaqişə etmək demək deyil. Ələlxüsus da, qüvvələrin qeyri-bərabər olduğu bir vaxtda zəif tərəf belə bir macəraya atılmaqla öz əli ilə öz başına iş açmış olar. Bu səbəbdən də qüvvələrin qeyri-bərabər olduğu bir yerdə xalqın hüquqlarını müdafiə etmək məqsədi ilə mülayim üslubdan istifadə edib düşmənlə yola getmək faydalı ola bilər. Çünki hər cəhətdən zərər gətirən həsəd, kin və düşmənçilik hislərini körükləmək bir fayda verməz. Məsələyə Həzrəti Pirin yanaşması ilə nəzər yetirsək, doxsan doqquz düşməni olan bir insanın əgər ağlı varsa, yüzüncü düşməni qazanmaq istəməz, əksinə yüz düşməni varsa, doxsan doqquza salmaq üçün yollar axtarar. Bütün bunlar müdarat kateqoriyasına daxildir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message