İnsanları pis əməllərdən çəkindirmə üslubu

Home » Azəricə (Azərbaycan dili) » Gülənin əsərləri‎ » Sınıq səhəng (Kırık testi) » İnsanları pis əməllərdən çəkindirmə üslubu

Fəthullah Gülən: İnsanları pis əməllərdən çəkindirmə üslubu

Sual: Cəmiyyət üçün zərərli olmayan çirkin hallara göz yummaq könül ərlərinin əsas xüsusiyyətlərindən biri hesab edilir. İslamda vacib əsas sayılan nəhyi-anil-münkər (pis əməllərdən çəkindirmə) aspektindən məsələyə baxanda günahlara göz yummaq və pis əməlləri bağışlamağın hüdudları haradan keçir?

Cavab: Əvvəla fərdi qüsur və günahlarla cəmiyyətin hüquqlarına xələl gətirən cinayət və pis əməlləri bir-birindən ayırmaq lazımdır. Çünki bunlarla aparılan mübarizə yolları bir-birindən fərqlənir. Şəxsi günahlara göz yummaq və bu cür günah işləyənləri də mümkün qədər əfvü-səfh (əfv – bağışlamaq, səfh – qarşıdakı insanın xəta, qüsur, günah işlədiyini belə, unutmaq) etmək əsas düstur olduğu halda, başqa bir şəxsin və ya xalqın hüququna xələl yetirən pis əməllərə imkan daxilində əllə, əllə mümkün deyilsə, dillə mane olmaq, bu da mümkün deyilsə, ən azı bu cür pis əməllərə qəlbən etiraz etmək lazımdır.

Fərdi haqlarda əfvü-səfh yolu

Şəxsi günahları ortaya tökməyə ehtiyac yoxdur. Çünki batili təsvir etmək pak düşüncələri bulandırar, faydadan çox zərərə yol açar. Ümumiyyətlə İslamın qadağa qoyduğu bütün söz və əməlləri bu kateqoriyaya daxil etmək mümkündür. İnsan bunlardan birini, iksini və ya əksəriyyətini işləmiş ola bilər. Əgər bu insan başqalarına pis nümunə olmur, dinin əmrlərini əhəmiyyətsiz hesab etmir, dini dəyərləri məsxərəyə qoymur və xalqın hüququnu tapdalamırsa, ona qarşı əvfü-səfh göstərmək olar.

Belə ki, Qurani-Kərimin bir çox ayəsi insanlara müsamihə (bağışlama) göstərməyin və pislik edənlərə belə yaxşılıq etməyin əhəmiyyətini vurğulamışdır. Məsələn, bir ayədə: “…qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (“Ali İmran” surəsi, 3/134) buyurularaq qəzəbi cilovlamaq, bağışlamaq və yaxşılıq etmək təqvalı insanların (Bax: “Ali İmran” surəsi, 3/3) əsas vəsfi kimi göstərilmişdir. Bu səbəbdən də möminlər insanların fərdi xəta və günahlarına əvvəla Quranın sözügedən düsturları ilə baxmağa və bu kimi əməllərə mümkün qədər göz yummağa çalışmalıdır.

Bununla yanaşı, möminlər cahil insanların bəzi hərəkət və davranışlarına onlardan üzünü çevirmək və uzaqlaşmaq şəklində münasibət göstərməlidir. Çünki Qurani-Kərim: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyə çağır və cahillərdən üz döndər!” (“Əraf” surəsi, 7/199); “Rəhmanın (əsl) bəndələri …. cahillər onlara söz atdıqları zaman “salam” deyib keçərlər” (“Furqan” surəsi, 25/63); “O möminlər lüzumsuz söz və davranışlardan uzaq gəzərlər” (“Muminun” surəsi, 23/3) kimi ayələri ilə möminlərə yol göstərir.

Pis əməldən çəkindirərkən günahı faş etməmək lazımdır

Eyni zamanda əgər bir insan xəta və günahı israrla işləməkdə davam edirsə, günah əməllərinin ciddiyyətini anlamır, çirkin əməlləri ilə insanlara pis nümunə olur və ya xalqın hüququnu tapdalayırsa, belə halda üsuluna uyğun şəkildə bu əməllərin qarşısını almaq lazımdır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu cür hallarla qarşılaşan möminlərə: “Kim bir münkər (günah) görsə, onu əli ilə düzəltsin. Buna gücü çatmasa, dili ilə irşad (yaxşılığa sövq etmək) və xəbərdarlıq etsin. Buna da gücü çatmırsa, o əmələ qəlbində etiraz etsin. Bu, (axırıncı da) imanın ən zəif mərtəbəsidir,” – deyə yol göstərmişdir. (Müslim, “İman”, 78; Tirmizi, “Fitən” 11).

Bu hədisə əsasən, bataqlığa düşən insana ilk növbədə əl uzatmaq və onu oradan çıxarmaq lazımdır. Əgər əlindən tutub çıxarmağa gücünüz çatmırsa, gücü çatan bir kəsdən kömək istəməlisiniz. Ancaq bu zaman o insanın xəta və günahlarını faş etməməyə çalışmalı, yayılmamasına meydan verməməli, “qüsur carçısı” kimi davranmamalı, onları utandırmamalı və şərəf-izzətlərini qorumalısınız. Çünki burada əsas məqsəd onu düşdüyü bataqlıqdan xilas etməkdir.

Əllə müdaxilə edə bilmiriksə, nəsihət etməliyik. Bu məqamda nəsihətin üslubu çox vacibdir. Məsələn, xəbərdarlıq edərkən bütün alternativ yollar gözdən keçirilməli və əks-reaksiyaya səbəb olmamaq üçün düzgün üslub seçilməlidir. Qardaşını pis əməldən çəkindirmək istəyən bir şəxs on dəfə düşündükdən sonra danışmalıdır. Hətta əks-reaksiya ilə qarşılaşacaqsa, sözlərindən narahat olmayan bir nəfər tapıb onun vasitəsilə nəsihət etdirməlidir. Hətta bəzi həssas hallarda üz-üzə gəlmədən qarşı tərəfə xəbərdarlıq etmək də olar. Məsələn, siz gördüyünüz bir səhv hərəkəti düzəltmək üçün iki sətir yazı yazar, yazdığınız bu yazını mülayim üslubunuzla əlli dəfə gözdən keçirər, sonra da o şəxsin qapısının altından içəri atar və ya poçt qutusuna salarsınız. Beləcə, xətasını üzünə söyləməklə onu utandırmış və etibarına xələl gətirmiş olmazsınız.

Burada əsas məqsəd insanı pis bir əməldən uzaqlaşdırmaqdır. O halda atılan addımlarda hər şeyi ətraflı götür-qoy etmək və şəxslərin ayıbını üzünə vurmamaq lazımdır. Məharət nə pis əməlin pis olduğunu söyləmək, nə də günaha bulaşan insanı utandırmaqdır. Məharət o insanı o şərdən uzaqlaşdırmaq üçün ən effektiv və ən mülayim yolu tapmaqdır.

Acı bir təbəssümlə irşad və xəbərdarlıq

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) pis və çirkin əməlləri dillə (sözlə) düzəltmək mümkün olmayanda qəlbdə etiraz etməyi məsləhət görmüşdür. Hədis alimlərinin əksəriyyəti bu ifadəni münkərə qəlbən etiraz etmək şəklində anlamışlar. Bununla yanaşı, sözügedən ifadəni fərqli şəkildə şərh etmək də mümkündür. Məsələn, bu ifadəni pis əməllərdən əl çəkməyən insanla qəlbi yaxınlığı kəsmək mənasında da götürmək olar. Belə ki, siz bu cür insanla qarşılaşanda üz ifadələrinizlə, acı təbəssümünüzlə və ya üzünüzü yana çevirməklə onun öz xətasını anlamağa və bundan əl çəkməyə vadar edə bilərsiniz.

Üstəlik bu rəftarınızın səbəbi şəxsin özü deyil, onun pis əməlləri olduğuna görə əllərinizi açıb: “Allahım! Nə olar, bu qardaşımı düşdüyü fənalıqdan qurtar və onu bu günahdan diksindir!” − deyə dua edə bilərsiniz. Hətta bununla da kifayətlənməz, qardaşlıq borcunu yerinə yetirərək onun çirkin əməllərdən xilas olması üçün min dəfə “Allahım! İmanı bizə sevdir, qəblərimizi onunla zinətləndir, küfrü, fisqi və üsyanı bizə çirkin göstər. Bizi kamil insanlardan et!” (Bax: Əhməd ibn Hənbəl, “əl-Müsnəd” III/424; əl-Bəzzar, “əl-Müsnəd” III/175) deyə dua edərsiniz. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qaibin (hazırda olmayan, üçüncü şəxs) qaibə etdiyi duanın qəbul edildiyini xəbər verir. (Əbu Davud, “Vitr” 29; Əbd ibn Hümeyd, “əl-Müsnəd” s. 134).

Bir vaxtlar bir qardaşımızın bir xətasından bəhs etmişdilər. O vaxtdan bəri elə bir gün yoxdur ki, ona dua etməyim. Eyni şəkildə ötən illərdə sağlam xarakterli bir qardaşımız etiqadi bir problemlə üzləşmişdi. Rəbbim şahiddir ki, hər dəfə özümə dua edəndə ona da dua etmişəm. Belə bir məsələyə biganə qalmağı qardaşlıq haqq-hüququna hörmətsizlik və vəfasızlıq sayıram. Peyğəmbərimizin sözügedən ifadəsindən “günah işləyən şəxsə qəlbən dua etmək” mənasını başa düşmək də olar. Bu səbəbdən hədisdə işlənən فَبِقَلْبِهِ “fə bi qalbih” ifadəsini təkcə qəlbən büğz etmək, münasibəti kəsmək və üzünü çevirib getmək şəklində anlamaq nöqsanlı olar. Burada əsas məsələ müsəlmanın Allahın xoşuna gəlməyən pis bir əmələ etiraz etməsi, onu aradan qaldırmaq üçün əlindən gələni əsirgəməməsi və beləcə, din qardaşını o çirkin əməldən çəkindirməsidir.

Xalq haqqı Allahın haqqıdır

Cəmiyyətə az və ya çox zərər verən föhşiyyat (çox çirkin əməllər) və münkərata (Allahın qadağa qoyduğu əməllər) ciddi etiraz etməklə bunları aradan qaldırmağa çalışmaq milli və dini bir vəzifə olduğu kimi, eyni zamanda, Allah haqqına bir ehtiramdır. Çünki bildiyiniz kimi, İslamda xalqa aid haqlar, eyni zamanda, Allahın haqqı hesab edilir. Yəni bir güvə kimi cəmiyyəti yavaş-yavaş içəridən gəmirən və çürüdən fənalıqlarla fərdin yalnız özünə zərər verən şəxsi günahlar eyni deyildir. Ona görə də bu cür əməllərə göz yummaq və etiraz etməmək olmaz. Səlahiyyətli şəxslər qanunun gücündən istifadə edərək pis əməllərin qarşısını almağa çalışmalı, möminlər də ehtiyac olduqda səlahiyyətli qurumlara müraciət edərək, lazım gəlsə, səlahiyyətli şəxsləri ürəkləndirərək, bəzən şahidlik hüquqlarından istifadə edərək onlara kömək etməlidirlər. Təkrar edək ki, bunda məqsəd pislik bataqlığına düşən bir insanı utandırmaq deyil. Əksinə cəmiyyəti içəridən gəmirən fənalıqlara etiraz etmək, toplumu bu fənalıqlardan qorumağa çalışmaqdır.

İsrailoğullarından bəzi insanların əməllərini pisləmək məqsədilə nazil olan, ancaq bizim üçün də əhəmiyyət kəsb edən bir ayəni yadınıza salın. Allah (cəllə cəlaluhu) buyurur: “Onlar pis bir əməl işləyəndə bir-birini bundan çəkindirməzdilər. Bu rəftarları necə də çirkin idi!” (“Maidə” surəsi, 5/79) Burada işlənən لَا يَتَنَاهَوْنَ (lə yətəzəhəvnə) feil formasının daşıdığı mənanı bu şəkildə izah etmək olar: bu insanlar münkərin (günah əməllərin) qarşısını almaq məsələsində müştərək ağılla, kollektiv şüurla hərəkət etmirdilər. Bu səbəbdən də insanları pis əməllərdən çəkindirməyən həmin şəxslər Allahın lənətinə məruz qalmışlar (Bax: “Maidə” surəsi, 5/78).

O halda “Pis əməlin işlənməsinə şahid olan bir insanın vəzifəsi nədir?”, “Səlahiyyətli şəxslər məsələnin həlli istiqamətində hansı yolu tutmalıdır?” və ümumiyyətlə “Bu məsələdə cəmiyyətin öhdəsinə hansı vəzifələr düşür?” kimi suallara cavab tapmaq üçün müştərək ağıla, ortaq fikrə və kollektiv şüura ehtiyac var.

Xülasə, insan şəxsinə deyilən və yalnız şəxsinə aid olan çirkin sözləri bağışlamağa çalışmalıdır. İnsanın mədə-bağırsağında qidaları həzm edən maye və turşular olduğu kimi, möminlərin də qəlb və ruh dünyasında bu cür çirkin əməl və haqsızlıqları həzm edən bir sistem olmalı və ədəbsiz hərəkətləri rahatlıqla həzm edə bilməlidir. Ancaq bir insanın şəxsində bir qrup və ya bir camaat hədəfə çevrilir və ləkələnirsə, bu, artıq şəxsi məsələ sayılmır. Həmin şəxsin belə bir zülmü həzm etməsi doğru deyildir. Əksinə, məsələyə aydınlıq gətirmək, səhv varsa, düzəliş vermək və böhtanları təkzib etmək lazımdır. Hətta yenə də zülm və haqsızlıqdan əl çəkmirlərsə, təcavüzkarların səsini kəsmək və zülmə mane olmaq üçün digər hüquqi yollara baş vurmaq, təzminat tələb etmək lazımdır. Belə ki, Həzrəti Pir də onu həbsxana-həbsxana gəzdirən, cəmiyyətdən təcrid edən, zindan-zindan dolaşdıran, dəfələrlə zəhərləyən insanlara haqqını halal etməsinə baxmayaraq, iman və Quran hizmətinə haqsızlıq edildikdə sükut etməmiş, gur səsi ilə zalımları susdurmuş və haqqın, Quranın və ümumun hüququnu müdafiə etmişdir.

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message