İlahi inayətə səsləniş

Fəthullah Gülən: İlahi inayətə səsləniş

Sual: İxlasın əsaslarından biri sayılan “Qardaşlarınızın məziyyətlərini (üstünlüklərini) şəxsinizdə və fəzilətlərini özünüzdə təsəvvür edib onların şərəfi ilə şakiranə (şükür edərək) fəxr edin” düsturunu necə başa düşməliyik? İnsan təbiətindəki qısqanclıq və paxıllıq hislərini də nəzərə alsaq, “qardaşların şərəfi ilə şakiranə fəxr etmək” səviyyəsinə yüksəlmək üçün nə tövsiyə edərdiniz?

Cavab: Qurani-Kərimin əksər ayələri ibadətin yalnız Allah üçün edilməsini ixlas məfhumu ilə əlaqəli şəkildə bəyan buyurmuşdur. Məsələn “Zumər” surəsinin əvvəlində keçən “Buna görə sən də yalnız Ona ibadət et!” (“Zumər” surəsi, 39/2) bəyanı ibadətləri ixlas şüuru ilə yerinə yetirməyi əmr edir. Bir sonrakı səhifədə əksini tapan “Mənə dini sırf Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!” (“Zumər” surəsi, 39/11) ayəsi də ixlası təkrar diqqətə çatdırır. Bir-iki ayə sonra isə “De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək yalnız Ona qulluq edirəm!”“ (“Zumər” surəsi, 39/14) bəyanı ixlasın əhəmiyyətini bir daha vurğulayır.

İlahi inayətin ən mühüm vəsiləsi

Hz. Pir də ixlas haqda iki risalə qələmə alaraq mövzu ilə bağlı məsələləri xülasə etmişdir. Belə ki, o, ixlası əldə etmək üçün ilk sıraya “hər işdə rizayi-ilahini diqqətə al” düsturunu qoymuşdur. Yəni insan ilahi əmrləri yerinə yetirərkən məqsədi dünyəvi-üxrəvi heç bir təmənna güdmədən- sırf Cənabi-Allahın rizası olmalıdır. İstəmədiyimiz halda çəkilən zəhmətin müqabilində alınan səmərə və verilən mükafatlar isə şükürlə qarşılanmalı, həmd edilməli və məsələyə “təhdisi-nemət” düşüncəsi ilə yanaşılmalıdır.

Ancaq ənaniyyətin (eqoizm) geniş yayıldığı belə bir dövrdə üstümüzə leysantək yağan nemətlərin “istidrac” olma ehtimalını da yaddan çıxarmamalıyıq. Bəxş olunan bu nemətlərin müqabilində “Deyil bu mənə layiq bu bəndə / Mənə bu lütf ilə ehsan nədəndir?” deməli və istidracdan qorxmalıyıq. Çünki layiq olmadığımız halda bizə bəxş edilən bu lütf və ehsan açıq-aşkar ilahi sövq və inayətin nəticəsidir. Baxırsınız ki, məsələlərdən başı çıxan, dünya işlərini yaxşı bilən böyük insanlar var, amma Cənabi-Allah bizim kimi kiçik insanlara lütf etdiklərini onlara verməmişdir. Bu səbəblə əldə olunan müvəffəqiyyətlərin müqabilində əllərimizi açıb “Ya Rəbbi! Əgər bu nemətlərə görə ədəbdən, mərifətdən uzaqlaşacaq və həddimizi aşacağıqsa, bunlardan Sənin Üluhiyyət dərgahına sığınırıq! Nə olar bizi yolundan azdırma, Allahım!” deyərək Ona pənah aparmalıyıq.

Dini həyatımızda bu qədər əhəmiyyət kəsb edən ixlasın əldə edilməsi isə əslində imanın gücü ilə düz mütənasibdir. Odur ki əgər siz təkvini və təşri qanunlara əməl edər, təqlidi imandan təhqiqi imana aparan yolları açar, eyni zamanda söz, hərəkət və əməlinizlə Cənabi-Allaha yönələrsəniz, Uca Allah bir vaxtlar qəlbinizdə iman məşəlini alovlandırdığı kimi, bir gün ixlas məşəlini də yandırar. Beləcə Allahın izni və inayəti ilə, inandığınız hər bir şeyi ixlasla yaşamağa müvəffəq olarsınız. Əslində insanın özünü göstərmə hissini cilovlaması, öz qüsurlarını görməsi, bir yerdə “mən” deyən kimi dərhal “əstağfirullah” çəkib hislərinə düzəliş etməsi, hətta əlinə bir külüng alıb eqonun başını əzməsi imandakı yəqinin artması ilə yanaşı, ixlas düşüncəsinə bağlanmaqdan da asılıdır. Bu iki əsasa yiyələnən insan eyni zamanda qardaşları ilə birlikdə (kollektiv şüuru ilə) hərəkət etməyə də müvəffəq olar. Çünki o bilir ki, Cənabi-Allahın inayəti olmadan tək başına zərrəcə xeyirli əməl işləmək mümkün deyil. İlahi inayətin, müvəffəqiyyətin ən mühüm vəsiləsi isə vifaq (birlik) və ittifaqdır.

Məhz buna görə Hz. Pir müxtəlif prizmalardan “şəxsi-mənəvi”nin əhəmiyyətini vurğulamışdır. O, təhqiqi imana yiyələnmə və imanlı ölmək üçün şəxsi-mənəvini mühüm bir vəsilə saydığı kimi, heyətin (şəxsi-mənəvi) bir fərdinə aid savabların heyətdə olan hər kəsin əməl dəftərinə də yazılacağını bildirmişdir. Bu, o deməkdir ki, “iştiraki-əməli- üxrəvi (axirətə aid əməllərdə müştərək hərəkət etmək)” düsturu ilə bir insanın bir əməli min əmələ tən olacaq. Məsələn, siz bir ölkədə insanlara Haqqı tanıtmaq üçün bir addım atırsınız. Əgər həmin ölkədə qardaşlıq ruhu ilə eyni addımı atan on insan varsa, onlar hər biri min addımın savabını qazana bilər. İnsan əməl dəftərinə yazılan bu savablardan xəbərsiz olduğuna görə onlara bel bağlamaz, hətta ağlına belə gətirməz. Dolayısilə, öz malı kimi sahib çıxaraq bu gözəl əməlləri hədər etməz. Bütün bunları görən və bilən Alimu-Xabir Allah isə “Siz birlikdə hərəkət etdiniz və düzgün addım atdınız. Bir-birinizə mane olmadınız. Dünyada axirət mehvərli fəaliyyətlərinizə müvəffəqiyyət bəxş etdiyim kimi, birlikdə hərəkət etdiyinizə görə burada da hər birinizin əməl dəftərinə bütün heyətin savabını yazdım” buyuraraq onların kiçik əməllərinə bərəkət ehsan edər.

Gözlənilməz mükafatlar

Üstəlik Allah (cəllə cəlaluhu) dövr və şəraitə görə bəzi əməllərə qat-qat qiymət verir. Məsələn, əsgərin sərhəddə bir saat keşik çəkməsi bir illlik ibadətə bərabərdir. Allah yolunda şəhid olan insan birbaşa kamilliyin ən yüksək zirvəsinə ucalır. Eyni şəkildə yaxşı dəyərləndirilən bir Qədr gecəsi səksən illik ibadətə tən gəlir. Gördüyünüzü kimi, Allah (cəllə cəlaluhu) yerindən və zamanından asılı olaraq əməlləri mayalayır, çoxaldır, biri min verən sünbülə çevirir. Bunun kimi, ixlasın əsaslarından biri sayılan şəxsi-mənəvi ilə birlikdə hərəkət etmək, hətta həmin şəxsi-mənəviyə mənsub insanların gözəl əməllərini öz əməli bilib onlarla şakiranə fəxr etmək Allahın dərgahında bambaşqa bir dəyər kəsb edir.

Hz. Pir tələbələrinin üxuvvət və ixlasını yoxlamaq üçün bir gün onlardan birinə “Filan tələbəmin yazısı səninkindən yaxşıdır” deyir. Tələbəsi buna sevinir, şad olur. Hz. Pir: “Onun qəlbinə diqqət etdim, riyakarlıq deyil, səmimiyyət gördüm. Cənabi-Allaha şükür etdim ki, bu uca hissi daşıyan qardaşlarım var. İnşaallah, bu hiss böyük xidmətlərə vəsilə olacaq” deyərək Allaha şükür edir.

Madam, əsas məsələ yazı yazmaq, kitabları çoxaltmaq və ya çoxaldılmış kitabları paylamaqdır, deməli burada şəxsin kimliyinin bir əhəmiyyəti yoxdur. Hətta insan görüləsi bir işin özünə deyil, bir başqasına tapşırıldığına görə şad olmalı, qəlbini fəsaddan qorumaq üçün buna üstünlük verməlidir. Zira tapşırılan bir işi görməyin müəyyən riskləri var. Məsələn, insan əldə olunmuş bir müvəffəqiyyəti öz ağlından, öz elmindən, öz bacarığından bilə bilər və ya başlanğıcda belə düşünməsə də, ətrafındakı insanların təqdir və alqışları onu belə fikirləşməyə vadar edə bilər. Dolayısilə həm bu cür risklərin olmaması, həm də o işin ortada qalmaması, yekunlaşması üçün insan qardaşının bu işə əl atmasından şad olmalı, onun məziyyəti ilə şakiranə fəxr etməli və beləcə şükrün savabını qazanmalıdır. Üstəlik bilməlidir ki, qardaşının əməlinə düşən hər savabın bir misli də onun əməl dəftərinə yazılacaq və beləcə əməllərin səmərəsi qat-qat artaraq bir gün qarşısına çıxacaq. Bundan başqa bir insanın mənəm-mənəmlik hislərini cilovlayıb qardaşını alqışlamaqla özü də bilmədən gözlənilməz, ağlagəlməz mükafatlara layiq görülər. Digər tərəfdən bir insanın qardaşını alqışlaması və onu təqdir etməsi onun qabiliyyətlərinin inkişafına zəmin hazırlayacaq, daha mühüm vəzifələrdə yüksək performans ortaya qoymasını təmin edəcək, dolayısilə bütün bunlara səbəb olan şəxs də görülən hər bir işdən öz savab payını alacaqdır.

Müzakirə ilə kamil ixlasa açılan qapılar

Qeyd etdiyimiz kimi ixlas, səmimiyyət və vəfa imanla düz mütənasibdir. İnsanın imanı nə qədər dərindirsə, ixlası o qədər əngindir. O halda insan iman məsələsini bir kənara qoymamalı, “həl min məzid “yenə varmı” anlayışı ilə təkvini və təşrii qanunları mütəmadi araşdırmalı, axtarmalı, ələk-vələk etməli və beləcə iman və mərifət yolundan irəliləməyə çalışmalıdır. Bəli, dayanmadan səy göstərməli, çalışıb-çabalamalı, yəqin qatlarında səyahət etməli və daima bir mərtəbədən başqa bir mərtəbəyə sıçramalıdır.

Digər tərəfdən həyatımızı ixlas düsturları ilə cilalamaqda bir-birimizə dəstək olmalıyıq. Bir-birimizlə görüşəndə mütləq bu kimi məsələlərin müzakirəsini aparmalıyıq. Lakin bu, gedib kiməsə bayağı şəkildə “Bir az ixlaslı ol” demək deyil. Örnək olaraq bir xatirəmi danışım: tələbəlik illərində bircə şalvarım vardı. Qırışmasın deyə döşəyin altına qoyar, ütülü geyinməyə çalışırdım. Kasıb ailənin uşağı olduğuma görə, bunu zəif cəhətim kimi, bir kompleksim də saya bilərsiniz. Bir gün yaxın bir dostum şalvarımı nəzərədə tutaraq, “Bir az təqvalı olsan, pis olmazdı?” demişdi. Dili şəkər-şərbət dadsın onun, amma mən hələ də ütülü şalvarla təqvanın əlaqəsini anlaya bilməmişəm. Bəli, səmimi münasibətimiz olsa da, insanların başına vura-vura nəyisə izah etmək doğru deyil. Üstəlik, öz nəfsimizi pak bilib diktə üslubu ilə danışmaq açıq-aşkar həddi aşmaqdır. Doğru yol və üslub isə məsələləri hərləyib-fırlayıb kimsənin ayağına basmadan, kimsəni incitmədən ən yumşaq və ən münasib tərzdə müzakirə və mütaliə etməkdir.

Hz. Pir əhəmiyyətli olduğuna görə “İxlas risaləsi”ni ən azı on beş gündə bir oxumağı tövsiyə etmişdir. Bu mühüm risaləni, bəlkə də, əlli dəfə, yüz dəfə oxuyanlar var. Hətta düsturun başından bir kəlmə desəniz, ardını əzbərdən deyərlər. Lakin həyatı ixlasla yoğurmaq, onu qəlbən və ruhən hiss etmək üçün səthi oxumadan çox, dərindən və ətraflı gözdən keçirmək lazımdır. Bəli, yeknəsəqliyə yol verməmək üçün məsələni yeni bir üslubda, yeni formatda tətbiq etmək, ona yeni ruh vermək lazımdır. Məsələn, mövzunu Qurani-Kərim və Sünnə ilə müqayisə edərək ətraflı şəkildə araşdıra bilərsiniz, həmçinin bunu hər kəsin iştirak etdiyi müzakirə məclislərində təhlil edə bilərsiniz. Əgər bunu bacarsanız, “Əlhəmdülillah mən payıma düşəni aldım. Məgər nə qədər bilmədiyim şey varmış. Bu zat mühüm məsələləri gör nə vaxt kəşf edibmiş. Əlli dəfə oxumuşam, ancaq məsələnin əhəmiyyətini hələ indi başa düşürəm” deyəcəksiniz.

Bəli, məsələləri müzakirəli şəkildə oxumaq çox əhəmiyyətlidir. Müzakirə haqqında böyüklərimizin belə bir sözü var: “Elm dərin bir quyu, müzakirə də onun tuluğudur”. Dolayısilə, quyudakı şirin suyu çəkib çıxarmaq müzakirə ilə mümkündür. Rəsuli-Əkrəm Peyğəmbərimiz də (əleyhi əlfü əlfi salatin və salam) elmi məsələlərin mütaliəsi ilə bağlı “təzakür” sözünü işlədir. İştiqaq elmindən başı çıxanlar bilir, “təzakür” sözü təfaül babındadır (qarşılıq-birgəlik növdədir). Bu babda işlənən məna isə “Müşarəkətün Beynəl-isnəyni fəsaidən” ifadəsi ilə izah edilir. Yəni bu növ iki və ya ikidən çox insanın birlikdə gördüyü iş mənasına gəlir. Odur ki təzakür və ya müzakirə iki və ya ikidən çox insanla birlikdə məsələləri araşdırmaq və mütaliə etmək deməkdir.

Böyük şəxsiyyət mərhum Alvar İmamı da məclisin (halqa) əhəmiyyətini belə dilə gətirir:

Ey talibi-feyzi-Hüda,
Gəl halqaya, gir halqaya.
Ey aşiqi-nuri-Hüda,
Gəl halqaya, gir halqaya.

Bir hədisdə deyildiyi kimi, bəzi mələklər də səhər-axşam elm və həqiqət əhlinin bu cür məclislərinə baş çəkərək onları şərəfləndirir və onlara Cənabi-Allahın dərgahında şahidlik edirlər.

Elə isə biz də həqiqi iman və ixlası əldə etmək üçün üxuvvət şüuru ilə hərəkət etməli və hər bir məsələni müzakirəli şəkildə birlikdə araşdırma prinsipini həyata keçirməliyik. Səbəblər baxımından buna riayət etdiyimiz kimi, eyni zamanda duaya yönələrək ilahi inayətə də pənah gətirməliyik. Allah (cəllə cəlaluhu) hamımıza ənaniyyətin meydan suladığı belə çətin bir dövrdə kamil üxuvvət ruhu və həqiqi ixlas lütf etsin!

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message