Sual: Günahı boynundan atma nəfsə xas xüsusiyyət olduğuna görə İslamı layiqincə yaşaya bilməməyimizi "Nə edək, haqq və həqiqəti gec tanıdıq, pis mühitdə yetişdik" kimi bəhanələrlə izah edə bilirik. Belə bir yanaşmada həqiqət payı vardırmı, izah edərsinizmi?
Cavab: Bu cür mülahizələrdə bir baxımdan bir həqiqət payının olduğunu demək mümkündür.
Şüuraltının formalaşdığı zaman dilimində, xüsusilə, mühit çox əhəmiyyətlidir. Bu dövrlə bağlı dəqiq yaş sərhədi təyin etmək mümkün olmasa da, ümumiyyətlə "sıfır-beş" və ya "sıfır-yeddi" yaş arası göstərlir.
Ancaq onun nisbi olaraq on beş yaşına qədər davam etdiyini demək mümkündür. İnsan məhz bu dövrdə gördüyü, eşitdiyi, hiss etdiyi hər şeydən – ətrafında cərəyan edən hadisələrin, demək olar ki, hamısından
ciddi mənada təsirlənir, müəyyən dünyagörüşə yiyələnir və şəxsiyyəti o istiqamətdə formalaşır. Bu səbəbdən dini əsil dərinliyi ilə yaşamayan, çirkin və səhv davranışları adiləşdirən, mənfi davranışlardan
diksinməyən, heç olmasa çəkinmə duyğusu olmayan, qibtə ediləsi əməllərə qibtə etməyən, saleh əməllərə qarşı iştahaları qabartmayan və bu düşüncəli nümunəvi şəxsiyyətləri olmayan bir mühitdə yetişən insanlar
müəyyən mənada bu üzrlərində haqlı sayıla bilərlər.
Təbəqat kitablarının işığında
Lakin əsla unudulmamalı ki, həqiqi bir mömin Quran və Sünnənin bəyan etdiyi və sələfi salehinin gözəl nümunələrlə ortaya qoyduğu ideal
həyat tərzini araşdırar, tapar, öyrənər; öyrənər və (hazırda) yaşadığı mühitlə keçmiş həyat tərzini müqayisə edib öz vəziyyətini, mövqeyini sorğu-suala çəkər. Yəni mömin yeyərkən, içərkən, yatarkən-qalxarkən
Müsəlmanların dərdi ilə dərdmənd olmalı, həyatın hər anı və hər səhifəsində Quran və Sünnə yolunu araşdırmağı, saleh sələfin yolunu tutmağı özünə borc bilməlidir. Bu baxımdan saleh sələflərin həyatından
bəhs edən təbəqat kitabları çox əhəmiyyətlidir. O böyük insanların həqiqi Müsəlmanlığı necə və hansı çərçivədə yaşadığını öyrənib anlamağa, anlayıb mənimsəməyə çalışmalıyıq. Bu istiqamətdə babalarımız
və sələflərimiz olan Osmanlının da bizim üçün əhəmiyyətli bir qaynaq olduğunu unutmamalıyıq.
Bu yerdə haşiyəyə çıxıb bir məqama diqqətinizi çəkmək istəyirəm. Qənaətimcə, əcdadımızın həyat tərzi əsil dərinliyi ilə, mənəvi, ruhi, insani, ictimai ölçüləri ilə yazılmamış, qeydə alınmamışdır. Yazılanlar
daha çox hərb-sülh hadisələri ilə əlaqədardır. Buna görə də onların o sadə, təmiz həyatı ilə bağlı ciddi bir məlumata malik olduğumuzu deyə bilmərik. Əcdadımızın əxlaqi, ictimai, insani yönləri ilə bağlı
bildiklərimiz isə daha çox mənqibələrdən (rəvayətlərdən) ibarətdir. Hətta səhabə, tabiun və təbeyi-tabiun həzrətlərinin həyatına aid bilgilərin də eyni vəziyyətdə olduğunu söyləyə bilərik. O qızıl dövrlərdə
necə məşhur şəxsiyyətlər, necə böyük insanlar yaşamışdır, ancaq yazıya alma işinə çox əhəmiyyət verilmədiyindən onların heyrətamiz, nümunəvi həyatı əsil mahiyyəti ilə, olduğu kimi sonrakı nəsillərə ötürülməmişdir.
Hal-hazırda əlimizdə olan qiymətli əsərlər isə daha sonrakı dövrlərdə sələfə ehtiram, sevgi duyan insanların əldə edə bildikləri məlumatları kitab halına gətirməsinin bəhrəsidir.
Əhval-ruhiyyəmiz
Bu haşiyədən sonra əsas mövzumuza qayıdaq. Əgər biz dini həyatımızda İslamı nöqsansız təmsil etmiş insanlara baxmasaq, halımızdan məmnun olar, özümüzü kafi görər və zəif himmətin altında əzilərik.
Məsələn, Həsən Şazili, Abdülqadir Geylani və ya Həsən Bəsri Həzrətlərinin “Qulubud-daria”da əksini tapan tazarru (Öz qüsurlarını bilərək və qürurdan vaz keçərək təvazö ilə yalvarmaq) və münacatlarına
baxanda o böyük şəxsiyyətlərin tərtəmiz, pak bir həyat yaşamalarına rəğmən, nəfsdən ciddi mənada şikayətçi olub Allaha sığındıqlarını görürük. Halbuki, bu şəxslər ilahi həqiqəti bildikləri andan Allahdan
qeyri bir şey görməyən, küçə-bazarın yalanına, çirkabına bulaşmayan nəhəng insanlardır. Onların yanında öz mənəvi aləmimizə baxanda “Allahdan bir şey istəməyə ləyaqətimiz yoxdur” qənaətinə gəlirəm. Və
əl açıb Ondan bir şey diləməyə utanarıq. Bəli, müxtəlif əsrlərə səpələnən bu müstəsna insanların yanında biz ancaq İslamı təqlid edən zahiri Müsəlmanlarıq. Hətta bəlkə də, hazırkı halımızla Müsəlmanlığa
o qədər yadlaşmışıq ki, bütün hüdudları və əsil dərinlikləri ilə onu yaşamaq təklif edilsə, onu könüldən arzulayanların bir qismi belə "Kaş bu mükəlləfiyyətlər olmaya idi!" düşüncəsi ilə bu təklifə yaxın
durmazlar. Fəqət bu gün bütün yer üzündə dini həyat və dini dəyərlərdə ciddi yadlaşma olduğuna görə, İslamdan nə qədər uzaqlaşdığımızı dərk edə bilmirik. Lakin bir daha ifadə edim ki, qənaətimcə, bu gün
biz həqiqi Müsəlmanlığın üfüqümüzdə çiçəklənməsini, canlanmasını nə qədər arzulasaq da, onu həqiqi təmsil və dərinliyi ilə qəbul etməkdə bir xeyli çətinlik çəkəcəyik. Çünki deyə bilmərik ki, biz hal-hazırkı
mövqe və məqamımız etibarilə Haqqın razılığına bağlanıb Onun rizasını qazanmağı həyatının qayəsi bilən insanlarıq.
Əmanət keşikçiləri
Bu sözlərimlə ümidinizi qırmaq və sizi yesə – ümidsizliyə salmaq istəmirəm. Müsəlmanlar belə olduğuna görə hamısı birdən çör-çöp kimi Cəhənnəməmə
sürüklənərmi? Xeyr, Allahın mərhəməti çox genişdir. Hədisdə buyurulduğu kimi مُحَمَّدٌ
رَسُولُ اللهِ لاَ إِلٰهَ إِلاَّ اللّٰهُ
deyən insan belə Cənnətə girəcəksə, inşallah, Allah İslamı bu qədər təqlid edən insanlardan mərhəmətini əsirgəməz. Bu başqa məsələdir. Ancaq hal-hazırda bu əmanətə sahib çıxmaq istəyən insanlar əmanətə
riayətdə etibarlı olub-olmadıqlarını yoxlamalı, öz-özlərini sorğu-suala çəkməlidirlər. Bu din onlara əmanət edildiyinə görə onlar da yer üzünün əminləri, yəni üməna (əmin insanlar) və süləha (saleh, fəzilətli,
təqvalı insanlar) olmalıdırlar. Belə ki, din və diyanət naminə, lazım gəlsə, özlərinə və ya ailələrinə gələcək zərəri gözə almağı bacarmalı, ancaq dinə toxunacaq bir təhlükə qarşısında tir-tir titrəməlidirlər.
Buna görə də bizim məqsədimiz dini anlama və yaşama istiqamətində səviyyəni daima yüksəltmək və anlayışımızı həmişə daha üstün bir məqama çatdırmaq olmalıdır. Hətta bir gün Cüneyd Bağdadi, Bəyazid
Bistami kimi bəzi Allah dostlarının səviyyəsində Allaha yaxınlıq üfüqünə çatsaq belə yenə də daim irəli baxmalı və "Allahım, bunun ardı yoxdurmu?" deməliyik. Əgər bunun ardı "
وَرِضْوَانٌ مِنَ اللهِ أَكْبَر “Allahdan olan bir razılıq isə daha böyükdür”
(“Tövbə” surəsi, 9/72) həqiqətinin təcəlli ve zühuru isə, o zaman bizim vəzifəmiz ona talib olmaqdır, onu diləməkdir. Çünki əmanətdə etibarlı əmanətçi olmaq bunu zəruri edir.
Bəhanə bilməyən qızıl nəsil
Bizə hər məsələdə rəhbər və ölçü olan səhabə həzrətlərinin yaşadıqları həyat baxımından da sualınızı dəyərləndirmək olar. Məlum olduğu kimi onlar hər cür çirkabın hökm sürdüyü, insanların boğaza qədər günaha batdığı bir dövrdə yetişmişdilər. Hüzurunuzda o dövrün rəzalətini dilə gətirib düşüncələri bulandırmaq istəmirəm.
Ancaq o qızıl nəslin bir qapqara dünyadan sıyrılıb aydın bir üfüqə necə yüksəldiyini anlamaq üçün icazənizlə bir-iki xüsusu xatırladım. O qaranlıq dövrdə əxlaqsızlıq cəmiyyəti bürümüşdü: bəzi evlərin
qapısına bayraq asır, oralarda dərdsiz, əyləncəli həyat yaşayırdılar və bu vəziyyət normal, təbii qarşılanırdı. Cəmiyyət bünyəsində əsli-nəsəbi qarışmış, atası naməlum bir xeyli insan vardı. İffət, utanc
hissi qeyb olub göyə çəkilmişdi: bəzi insanlar lüt-üryan Kəbəni təvaf edirdilər. İçki və qumar ayıb sayılmırdı.Yalan, aldatmaq və hiylə bacarıq və ağıl demək idi. Xülasə, bütün insani fəzilətlər tərsinə
çevrilmişdi; fəzilətlər nöqsan, nöqsan və qüsurlar fəzilət olmuşdu. Məhz belə bir cəmiyyətdən nəşət edən o insanlar Allah Rəsulunun (əleyhissalatu vəssalam) insanlığa təqdim etdiyi gözəllikləri görəndə
dərhal o nur qaynağının ətrafına toplaşmış və bütün çirkab və rəzalətdən üz çevirib ağılları təlim edən, nəfsləri təmizləyən, qəlbləri saflaşdıran mədəniyyət müəllimi olmuşdular.
Demək, onlar "Nə edək, yaşadığımız cəmiyyət bu vəziyyətdə idi!" deyib bəhanə gətirmək kimi xətaya yol verməmiş və iradi olaraq cahiliyyə bataqlıqlarını Əsri Səadət gülistanına çevirməyi bacarmışlar.
O zaman bizim də "Nə edək, dünyaya göz açanda özümüzü bir çirkab bataqlığı içində gördük. Əxlaqsızlıq bazar-bazar, ev-ev, küçə-küçə, – hər tərəfi bürümüşdü. Ana-atamız da avam adamlardı. Bizi dinimizdən
soyutmuşdular. İslam tərbiyəsi almadığımıza görə biz də din və diyanət istiqamətində qüsurlu yetişdik," – deyib günahı başqalarında axtarmamalı, nöqsan və qüsurlarımızı başqa insanlara aid etməməli və
məsuliyyətdən yaxa qurtamağa cəhd kimi bir xətaya yol verməməliyik.
Qəbir qapısı daim açıqdır
Hz. Pir “Sözlər”də bu həqiqəti gözəl ifadə edir. Xatırlayırsınız, On dördüncü Sözün xatiməsində belə deyir:
"Ey nəfsim! Demə, "Zaman dəyişmiş, əsr başqalaşmış. Hər kəs dünyaya bağlanmış, həyata pərəstiş edir, məişət (güzaran) dərdi ilə sərxoşdur". Çünki ölüm dəyişmir. Firaq (ayrılıq) bəqaya (əbədiyyətə)
çevrilib başqalaşmır. Bəşərin acizliyi, insanın fəqirliyi dəyişmir, artır. İnsanların axirət səfəri dayanmır, əksinə sürətlənir.Həmçinin demə "Mən də hər kəs kimiyəm." Çünki hər kəs sənə qəbir qapısına qədər yoldaşlıq edir. “Hər kəslə müsibətdə birlikdə olmaq” təsəllisi isə qəbrin o biri tərəfində çox əsassızdır."
Bəli, "zaman dəyişmiş, əsr başqalaşmış" kimi bəhanələr insanın öz-özünü aldatmasından başqa bir şey deyildir. Həm də belə bir aldanış, Allah qorusun, əbədi bir zərərə səbəb ola bilər. Qurani
Kərim kafirlərin axirətdəki halı ilə bağlı ürəkləri titrədən, dizləri əsdirən səhnələri təsvir edir və müxtəlif surələrdə keçən bu kimi bəyanlarla xəbərdarlıq edir. Məsələn, “Fatir” surəsinin 37-ci
ayəsində buyurulur: "
كُنَّا نَعْمَلُ
– “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” deyərlər". (“Fatir” surəsi, 35/37) Onların bu yalvarışlarına belə
cavab verilir:
فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ
“Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər
də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fâtır, 35/37) Bu ayədən də aydın olduğu kimi insan dünyada şüuru ilə bir saat belə yaşasa, Allah ona: "Mən sənə bir saat vermədimmi?
O bir saatda Məni düşünmək lazım deyildimi?" deyə bilər. Buna görə Allahın bizə bəxş etdiyi zaman, imkan və mühit, zənnimcə, zikr və təfəkkür etməyimiz üçün kifayətdir. Allah axirətdə bunun hesabını soruşanda
əsassız bəhanələrin bizə heç bir faydası olmayacaq. Ona görə də bu cür əsassız, boş bəhanələrdən uzaqlaşıb həyatımızı ilahi iradə istiqamətində tənzimləməliyik.








