Sual: Qərb aləmində elmin qaynaqları qəbul edilən pozitivizm, rasionalizm kimi fikir axınları haqqında ümumi görüş və düşüncəmiz nə olmalıdır? Bu axınlar həqiqəti nə dərəcədə əks etdirir?
Cavab: İslama görə elmin səbəbi üçdür. Bunlardan birincisi, havassu-səlimə
(doğru,səlim hisslər) adlandırdığımız, xələflərin ifadəsi ilə mübsirat
(görmə), məsmuat (eşitmə).. kimi duyğu orqanları və onların sahəsinə
aid olan şeylərdir. Bunu elmin yeganə qaynağı qəbul edən görüşə görə, duyğu
orqanlarının qəbul etmədiyi heç bir şey elm və təcrübənin mövzusu ola bilməz.
Qərbdə pozitivizm deyə adlandırılan bu məktəb, hər şeyi duyğu orqanlarına və
təcrübəyə əsasən qəbul etdiyindən, bəzən sarsıntıya məruz qalmışdır. Sadə bir
örnək: Onlar, günəş şüaları altında suya salınan bir çubuğun, əyri, və ya da
sınıq şəkildə görünməsini həqiqət qəbul edib, buna əks olan hər düşüncəni inkar
etmişlər.
Elmin başqa səbəblərindən biri də səlim (doğrunu göstərən) ağıldır.
Dövrümüzdə rasionalizm adlandırılan bu axın İslamda “ağılçılıq” adlandırılmışdır.
Rasionalizm, qədimdən bu günə qədər davam edən və elmin yeganə qaynağı olaraq
insan ağlını, zehinini qəbul və müdafiə edən bir anlayışdır. Burada “səlim”
vəsfi hər hansı bir şərt qoyulmadan, əşyanı saf və sadə halı ilə qəbul edib
qiymətləndirə bilən ağıl deməkdir. Belə ki, rasionalizm də həqiqi elmə varmaqda
təkbaşına kafi bir meyar deyil.
Elə isə hər iki elm sahəsindən qaynaqlanan yanlışları təshih edəcək (düzəldəcək)
başqa bir qaynağa ehtiyac vardır ki, o da “xəbəri-mütəvatir” yəni “vəhy”dir.
“Xəbəri-mütəvatir” İslama görə elmin qaynaqlarından üçüncüsüdür. Bu, iki ayrı
kateqoriyada mütaliə edilə bilər. Birincisi, yalan üzərində ittifaq etmələri
qeyri-mümkün olan insanların verdiyi xəbər. Məsələn, Amerikaya gedib
görmədiyimiz, oranın kəşfi əsnasında olmadığımız halda varlığından şübhə etmirik.
Çünki biz ora ilə əlaqədar xəbərləri bu cür bir qaynaqdan alır və elə
qiymətləndiririk. İkincisi, səmavi vəhy, yəni Qurandır.
Bəli, insanlar bəzən ağlın altında qalıb əzilə, pozitivizm qarşısında məğlub
ola bilərlər. Lakin məsələləri bir də vəhyi-səmavinin işığı altında
qiymətləndirəndə, daha əsaslı və doğru elmə varacaqlar. Elm aləmi ancaq bu
şəkildə ələ alındığı zaman ondan gözlənilən nəticə hasil olacaq. Elə isə həqiqi
elmi əldə etmək üçün, bu üç əsasın birgə götürülməsi və meyar olaraq qəbul
edilməsi lazımdır.
Əks halda XII əsrdə Ömər Xəyyamlarla başlayan və sonra "İslam Rasionalizmi"
adı altında davam edən, hər şeyin təməlinə ağıl və məntiqi yerləşdirən anlayış
əsas götürülsə, Quranın bəzi ayələrinin inkar edilməsi, ya da səhv mənalarda
izahı qaçılmaz olar. Və ya sadəcə hiss-təcrübə əsas alınsa, "gördüyümdən,
eşitdiyimdən.. başqa heç nəyə inanmaram" demək məcburiyyətində qalarıq. Bu isə,
ağlın ortaya qoyacağı hər şeyə üsyan etmək mənasına gəlir. Əslində hər iki hal
da bir yöndən Cənabi-Haqqın yaratdığı kainatda insanların öz ağıl, məntiq və
hiss həndəsələrinə uyğunluq axtarışında olmalarıdır. Buna görə ağıl-məntiq-hiss
meyarlarına uyğun gələnlər doğru, uymayanlar da səhvdir. Halbuki, Allah (c.c.):
"Göylərin və yerin yaradılışına insanları şahid etmədim" (Kəhf, 18/51)
deməklə səmavi vəhy nəzərə alınmadan irəli sürülən hər iddianın zənn və
fərziyyədən ibarət olacağına işarə edir.
Məhz bu meyarların bir bütün olaraq nəzərə alınmaması nəticəsində rədd edilən
nə qədər Quran ayəsi və hədis var ki, elmin inkişafına paralel şəkildə onların
həqiqət olduğu yenə də elmi nailiyyətlərlə təsdiqlənmişdir. Məsələn, Quranı-
Kərimdə dölün ana bətnində keçirdiyi embrioloji mərhələlərin izah edilməsi.
Mütəzili (Mütəzilə məzhəbindəki kimi) mənada rasionalist olan Ömər Xəyyama bu
məsələ soruşulanda bu ayələrin əsl izahı bu deyil deyib, Quran həqiqətlərinə
qarşı çıxmışdır. Və ya bəzi alimlər, Bədiüzzamanın yanaşması ilə, həşrə (öldükdən
sonra dirilmə) qışdan sonra baharın gəlməsi dəlilinə əsasən inanılması
mümkün ikən: "Ağıl miqyası ilə ölçüləcək bir məsələ deyil, yalnız inanılır"
deyiblər. Çünki alimlər bəhs olunan hadisələrdə ağılı və müşahidəni əsas
götürmüş, təməl əsasları bu yolla yozmağa çalışmışlar. Fərabi, İbni- Rüşd kimi
dühalar belə bir sıra Qərbli fəlsəfi cərəyanların təsiri altına düşüb,
peyğəmbərlik və vəhyi izah edərkən -haşa- bunlara bir fantaziya olaraq baxmış və
sonra da bunu əks etdirmişlər.
Bəziləri də filosofların ağıldan istifadə etməklə gəldikləri mövqe etibarı
ilə onları peyğəmbərlərdən daha üstün hesab etmişlər. Onlar Allahın
peyğəmbərlərə dünyada vəzifələrini yerinə yetirərkən beyinlərini partladarcasına,
göbəklərini çartladarcasına bir cəhd,əzm nümayiş etdirəcəklərini bildiyi üçün
peyğəmbərliyi bir avans olaraq onlara verdiyini düşünə bilməmiş, bu incə nöqtəni
qavraya bilməmişlər. Bu yöndən filosoflar Aristotelin davamçıları və şagirdləri
qəbul edilə bilər.
Lakin İslam aləmi bir bütün olaraq nəzərə alınsa, bu cür təhlükəli fikirlərə
düşməyən insanların da olduğu görüləcək. Məsələn, Zöhravi, Əli Quşçu, Cəlaləddin
Dəvvani, Gələnbəvi.. kimi İslam alimləri son dərəcə dindar olmaqla yanaşı,
həyatlarında bu cür yanlış fikirlərə girməmiş və dövrlərində öz nüfuzunu hiss
etdirmişlər. Molla Xosrov, Xərəzmi.. kimi şəxsiyyətlər pozitivist mənada elmlərə
hakim olduqları kimi, istifadə etdikləri üsul və əsərlərlə də əsrlər boyu Qərb
aləmində elmdə liderlik etmiş və onların 95 faizi doğru istiqaməti qoruyub
dindar həyat keçirmişlər.
Nəticə olaraq, elmin səbəblərini bir bütün olaraq nəzərdən keçirməklə hədəfə
varmaq lazımdır. Bu səbəbləri bir-birindən ayrılıqda, müstəqil olaraq əsas
götürmək, elmi məlumatları yeganə qaynaq qəbul etmək insanlığı doğru yoldan
sapdırmışdır. Bu belə davam etdiyi müddətdə belə yanlışlıqlar olacaq. İnsan
dünən səhv dediyinə, bu gün doğru demək məcburiyyətində qalacaq. Halbuki, elmin
təməlinə vəhyin qoyulması, havassu-səlimə və ağılla çərçivəyə alınması bu
mövzuda yeganə və yanıltmaz yoldur.








