Ən Münafiq Günah – Qeybət

Sual: Möhtərəm Əfəndim, qeybətin topluma müsəllət olmuş amansız bir qurd və insanların münasibətlərini pozan çirkin bir günah olduğunu hər kəs yaxşı bilir. Buna baxmayaraq onun cəmiyyətdə hələ də var olmasını necə izah etmək olar?

Cavab: Qeybət böyük günahlardan biridir. Belə ki Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində qeybət haqqında belə buyurur:

إِيَّاكُمْ وَالْغِيبَةَ فَإِنَّ الْغِيبَةَ أَشَدُّ مِنْ الزِّنَا، فَإِنَّ الرَّجُلَ قَدْ يَزْنِي وَيَتُوبُ فَيَتُوبُ اللّٰهُ عَلَيْهِ وَإِنَّ صَاحِبَ الْغِيبَةِ لَا يُغْفَرُ لَهُ حَتَّى يَغْفِرَ لَهُ صَاحِبُهُ

“Qeybətdən çəkinin! Çünki qeybət zinadan daha betərdir. Zina edib tövbə edənin tövbəsini Allah qəbul edər. Ancaq qeybəti olunan bağışlamadıqca qeybət edən əfv olunmaz” (Kənzul-ummal, 3/1057). Ustad Həzrətlərinə görə elə qeybət var ki, zinadan da böyük günahdır. Məsələn, bir saleh zümrənin və ya müəyyən bir camaatı təmsil edən şəxsin, ya da vəfat etdiyinə görə halallıq almaq mümkün olmayan insanların qeybətini etmək bu cür qeybətə daxil ola bilər.

Küllilik kəsb edən cürm (bir ikən külliləşən günah)

Bəzi alimlər küfr sözləri ilə bağlı deyirlər ki, Rəsuli-Əkrəm Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) zəmm edən (ayıblayan) və ya haqqında xoşagəlməz şeylər danışan bir insan tövbə etsə də, qəbul olunmaz. Nə üçün? Çünki Peyğəmbərimiz (əleyhissalatu vəssalam) əbədi aləmə köçüb ruhunun üfüqünə yürüdüyünə görə Onun qeybətini edən insanın Həzrəti Ruhu-Seyyidil-Ənamı (sallallahu əleyhi və səlləm) tapıb: “Haqqını halal et” deməsi mümkün deyildir.

Eyni şəkildə Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Aişə (radiallahu anhum) kimi bir çox səhabeyi-kiramı, o müstəsna şəxsiyyətləri xilafət məsələlərinə görə – haşa – mərdud (dindən çıxmış) sayıb haqlarında yerli-yersiz danışanların halı acınacaqlıdır. Çünki bu dəhşətli günahı işləyənlər böyük bir saleh zümrənin haqqında qeybət və sui-zənn etmiş olurlar. Artıq onların qeybətini etdikləri həmin şəxslərə: “Barənizdə nalayiq, yersiz sözlər danışdıq, haqqınızı halal edin!” demə imkanı da olmadığına görə bu böyük cürmü işləyənlərin sui-aqibəti qorxuludur. Bilə bilmərik, bəlkə də, Haqq Təalanın xüsusi bir lütfü ola bilər. Lakin yuxarıdakı hədis və buna bənzər nəsləri nəzərə alsaq – Allah bilir – onların əfv olma ehtimalı uzaq görünür.

Eyni şəkildə qeybət, böhtan, iftira, ittiham və s. kimi günahlar müəyyən bir fərd deyil, bir camaat haqqında edilirsə, həmin camaata mənsub bütün fərdlərdən bir-bir halallıq alınmadıqca bu günahlar bağışlanmaz. Məsələn, Qadirilər və ya Şazəliləri bütövlükdə ittiham edərək onların əleyhinə danışan insan böyük bir camaat haqqında elə qorxunc qeybət etmiş sayılır ki, həmin adam əfv olunmaq üçün Abdülqadir Geylanidən və ya Həsən Şazəlidən bu günədək həmin camaatlara mənsub olan minlərlə, bəlkə də, milyonlarla insandan halallıq istəməlidir. Bir az da aydınlaşdırsaq, bir camaatın bütünü haqqında söz söyləyən (qeybət, böhtan, iftira, ittiham və s.) insan əgər o camaata mənsub insanları bir-bir tapıb dediyi sözləri etiraf edərək “Mən sənin də mənsub olduğun camaat haqqında belə dedim. Sənin də bu işdə haqqın var. Haqqını halal et!” demədən – Allah qorusun – qurtula bilməz. Necə ki dua külliyyət kəsb edəndə (ümumiləşəndə) qəbul edilir. Bunun kimi külliyyət kəsb edib külli qeybət olanda insan, haqqına girdiyi şəxslərin hamısından halallıq istəmədikcə o işdən canını qurtarması mümkün deyil. Rəbbim hifz etsin, o qədər insanın günahını götürüb qeybət edənin çiyninə yükləyərlər. Bu da, belə demək mümkünsə, küfrə bərabər günahdır.

Bundan əlavə, unutmayaq ki, bir birliyi və ya camaatı təmsil edən şəxslər haqda qeybət etmək də bütün camaatın qeybətini etmək kimidir. Məsələn biri durub mənim kimi adi bir insan haqqında “Bu adam elədi-belədi” deyib əleyhimə danışsa, bu, fərdi qeybət olar. Ancaq elə insanlar var ki, onlar sanki “külliyyət kəsb ediblər”. Bəli, onlar bir “qütb” kimi bütün camaatı təmsil edirlər. O insanların şərəf və heysiyyəti təmsil etdiyi camaatın şərəf və heysiyyəti ilə bütünləşmişdir. Siz onların adını çəkəndə o istiqamətdə düşünən insanların hamısı ağıla gəlir. Məhz belə şəxslərin əleyhinə söz deyiləndə bütün camaat haqda qeybət edilmiş olur. Məsələn, birisi durub belə insan haqqında “onun ağılı çatmır” desə, bununla– Allah qorusun – zinadan daha böyük günah işləmiş olar.

Qeybət və ya leş qarğalığı

Qeybətdən uzaq olmaq üçün ilk öncə qeybətin dindəki yerini çox yaxşı bilməliyik. Qurani-Kərim bu mövzuda:

أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا

“Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!” (“Hucurat” surəsi, 49/12) buyuraraq – pak lisanına rəğmən – bu əməli ölü qardaşının ətini yeməyə bənzədib “leş yeməyin” deyir. Bunun bir başqa mənası, “leş qarğası olmayın” deməkdir. Ustadın o nəfis təsbitləri ilə məsələyə yanaşsaq, belə deyə bilərik: “Sizin vicdanınıza nə gəlib ki, insan ikən leş qarğası olursunuz! İçtimai həyatla bağlı olan içtimai heyətinizə və ümumi ruhunuza nə gəlib ki, öz heyətinizi yaralayırsınız!”

Quran qeybəti ölü əti yeməyə bənzətdiyi kimi, yuxu yozanlar da yuxuda ət yeməyi qeybət kimi yozurlar. Yəni hər nə əti olur-olsun, yuxuda ağıza ət qoyub çeynəməyi kiminsə dalınca danışma, kiminsə ətini yemə kimi yozurlar. Demək ki, qeybət misal aləmindən yuxuya bu formada əks olunur. Buna əsasən deyə bilərik ki, dünyada qeybət edən şəxsin əməli, ehtimal ki, bərzəx və qəbir aləmində vəhşi heyvan şəklində təməssül edəcək. Çünki ancaq vəhşi heyvanlar leş yeyirlər.

Qeybət bəzən bir nəfəri dişləmə, bəzən də qudurmuş canavar kimi böyük bir camaata hücum etmə şəklində olur. Bilmirəm, sürüyə hücum edən canavarları heç görmüsünüzmü? Onlar sürüyə hücum edəndə biri ilə qarnını doyurmaq yerinə, bir hevanın quyruğunu qoparır, birinin ayağını dişləyir, bir başqasının qırtlağından yapışır və beləcə bu mərət heyvanlar o sürüdən əllisini yaralayırlar. Eynən bunun kimi, bəzi həddini bilməz ədəbsiz qeybətçilər hər dəfə ağızlarını açanda yerli-yersiz danışaraq sözlə neçə-neçə insanı yaralayır və nəticə olaraq da öz mənəvi həyatını məhv edir, öz axirət ulduzlarını söndürürlər.

Həzrəti Pirin xas tələbələrindən çox şey öyrəndim. Məsələn, onların istibraya çox həssas yanaşdığını gördüm. Eyni şəkildə, geyim-kecim təmizliyinə də çox diqqətli olduqlarını müşahidə etdim. Az yeyib, az içib, az yatıb heyrətə varmağı da onlarda gördüm. Qısaca Bənd Dərəsi, Hacı Bayram və Süleymaniyə kimi gözəl məkanlarda qalarkən əsl müsəlman həyatına şahid oldum. Onları tanıyandan sonra öz-özümə belə demişdim: “Həyata yenidən gözlərimi açır, ruhən yenidən dirilirəm”. Onlar ətrafındakı insanlara da bu gözəl xüsusiyyətləri aşılamışdılar. Mən öz qabiliyyətim səviyyəsində o gözəl xüsusiyyətlərdən bəzilərini götürə bildim. Kim bilir, bəlkə də, neçə-neçə insan Allahın inayət və kərəmilə, bu dəyərli şəxslərdən daha çox istifadə edir və onlar sayəsində daha dərin dirilişə nail olur.

Bu şəxslərdə diqqətimi çəkən bir mühüm xüsus da onların qeybətə qarşı həssaslığı idi. Məsələn, siz Tahir ağabəyin yanında bir şəxs haqqında: “Filankəs danışanda başını əyib danışırdı” və ya “danışanda sönük baxışlarla baxırdı” kimi eşidəndə inciyəcəyi söz desəydiniz, dərhal “Niyə qeybət edirsən? Sənin dilini kökündən kəsmək lazımdır” cavabını alardınız. Bu insanlar ətraflarını qeybətdən çəkindirdikləri kimi, təbii ki, özləri də qeybətdən uzaq dururdular. Məsələn, mən nə Tahir ağabəydən, nə Hulusi Əfəndidən, nə Mustafa Gül, nə də Sunqur ağabəydən ən xəfif qeybət belə eşitməmişəm. Sizə tanıdığım insanlardan nümunə gətirirəm. Ancaq təəssüf ki, hazırkı vəziyyətimizə baxıb özümüz haqda eyni şeyləri deyə bilmirəm.

Quzu cildinə girmiş amansız qurd

Bu gün elm, iman və ürfan hərəkatı çərçivəsində müəyyən qədər təhqiqi iman əldə edilmiş və Allahın izni ilə, iman və imanı yaşama istiqamətində bir qədər məsafə qət edilmişdir. Məsələn, müəyyən qədər zinadan uzaqlaşma var. “Müəyyən qədər” deyirəm çünki göz, qulaq kimi orqanların bu çirkin günahdan nə qədər uzaqlaşdığını bilmirəm. Buna görə də məsələni kəsib ata bilmirəm. Ancaq ümumi mənada belə böyük günahdan uzaqlaşma olduğunu deyə bilərik. Bu insanlar ac qalsalar da, heç kimin malına əl uzatmaz, haram tikədən uzaq olarlar. Cana qəsd etmə kimi hərəkətlərə isə yaxın getməzlər. Bəli, əsəblərə toxunan hadisələrlə çox üzləşsələr də, bir adamın tükünə də dəyməmişlər. İbadətlərini yerinə yetirir, müəyyən səviyyədə təmkinlə qulluq da edirlər. Amma qeybət haqda eyni şeyləri deyə bilməyəcəyəm. Çünki baxırsan ki, bir mövzu açılanda dərhal kiminsə dalınca danışırıq, elə bil bu bizim haqqımızdır. Məsələn, bir yoldaşımız bir nəfər haqqında danışanda ona “ondan heç danışmağa dəyməz” deyə bilirik. Halbuki sən qardaşın haqqında “ondan heç danışmağa dəyməz” deyirsənsə, axirətdə ən çətin vəziyyətdə sənin barəndə də “ondan heç danışmağa dəyməz” ” deyərlər. Bəli, burada dilini kirlədənlə axirətdə pis və çirkli insan kimi rəftar edilər. Sən burada bir nəfər haqda “onun heç adını da çəkmə” desən, o tərəfdə sənin də adını çəkməzlər. Və ya sən burada kiminsə haqqında “pis adam” desən, orada eyni şeyi sənə deyib əbədi olaraq “pis adam” hökmünü verərlər.

Sizə əvvəllər də danışmışdım. Nənəm bir dəfə ölümdən dönüb. O vaxt hətta “öldü” deyib uzatmış, gözlərini də bağlayıbmışlar. Bu nə qədər çəkib bilmirəm, amma bir müddətdən sonra, elə bil yenidən dirilir və uzun illər yaşayır. Çox həssas və nurani bir qadın idi. Deyir ki: “Elə bil o biri dünyadaydım. İki mələk gəldi və mənim haqqımda “bu, dilini kirli işlədir, dilinin dərisini soymaq lazımdır” dedilər və dilimin dərisini üzdülər”. Demək ki, bu məsələ çox həssas, cəzası da çox ağırdır.

Bəli, hazırda qarşısını ala bilmədiyimiz və məsum bir örtü altında mövcudluğunu qoruyub saxlayan hiyləgər bir günah varsa, o da qeybətdir. O amansız canavar quzu cildinə girib bizi hələ də gəmirməkdə davam edir. Dolayısilə hal-hazırda qeybət zinadan daha təhlükəli bir hala gəlmişdir. Çünki inanan insanlar “böyük günahdır” deyib zinadan uzaq durur – təbii ki, uzaq durmaq da lazımdır; bəli, inananlar toplumun özülünü didib-dağıdan belə çirkin bir hərəkətdən uzaq dururlar, çünki onun necə böyük günah olduğunu, ona bulaşmağın necə böyük bir ayıb olduğunu bilirlər – lakin çox təəssüf ki, elə bir hər kəsin alışdığı, normal qəbul etdiyi və bir mənada hər kəsin az-çox işlədiyi “qeybət” adlı bu amansız günaha qarşı eyni diqqət göstərilmir, adi bir günah kimi baxılır. Belə ki, insanlar utanıb qızarmadan bu şeytani günahı edirlər. Buna görə də, demək olar ki, hal-hazırda qeybət ən münafiq günaha çevrilmişdir və bu münafiqlik xüsusiyyəti ilə aramızda öz varlığını davam etdirir.

Qurani-Kərim qaş-göz hərəkətləri ilə başqalarına həqarət edən insanlar haqqında belə buyurur:

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ

“Ağız-burun əyərək ona-buna tənə edən insanların yeri Cəhənnəm olsun!” (“Huməzə” surəsi, 104/1). Amma necə olubsa, Qurani-Kərimin bu ürəyi ağıza gətirən xəbərdarlığına baxmayaraq, həmin mərət məsumluq cildinə girib məclislərimizdə rahat-rahat gəzib dolaşır. Eyni şəkildə bir yoldaşımızın dalınca da çox rahat danışa bilirik. Məsələn, “Bu yoldaş işini layiqincə görmür “, “filan yoldaş tənbəldir”, “o yoldaş bu məsələni anlamır”, “bu yoldaş iman həqiqətlərinə dair əsərlərdən bixəbərdir” və s. kimi sözlərlə insanların dalınca çox rahat danışa bilirik. İmana dair əsərləri oxumaq çox gözəl məziyyətdir. Buna görə, “Bu yoldaşlar Risalələri doğru-dürüst oxumurlar” deyərək üzüntünüzü dilə gətirmiş ola bilərsiniz. Lakin bu elə bir qeybət və elə bir rəzalətdir ki, imana dair əsərlərlə əldə edilən məziyyəti əlli dəfə silib süpürər.

Bəli, görünür, zahirən məsum görünən bu kafir günah öz varlığını hələ də içimizdə qoruyub saxlayır. Ən təmiz görünən insanlar belə, baxırsan ki, ağzını açan kimi dərhal qeybətə keçirlər. Təəssüf ki, qeybətə sərbəst gəzmək ixtiyarı verilib, elə bil hər qapıdan viza alıb, hər yerə girə bilir. İnsanlar ondan diksinmir, ürpərmir. Qeybət edəndə “ayıb iş gördüm” deyə düşünmür. Hər kəs bu günahın edilməsində iştirakçı olur və bu cəhətinə görə o, digər günahlardan daha məlun və zinadan betərdir.

Qeybətə qarşı dini cəsarət

Hz. Aişə Anamız (r.a.) haqqında qiyabən (haqqında danışılan orada olmadan) bir qadının boyunun qısa olduğunu deyir. Həzrəti Ruhu Seyyidil-Ənam (əleyhissalatu vəssalam) da dərhal ona: “Onun qeybətini etdin!” buyurur (Əhməd b. Hənbəl, 6/206). Bu və buna bənzər nəslərdən başa düşürük ki, bir insan başqa biri haqqında qiyabən (yəni həmin şəxsin iştiraki olmadan), məsələn “örpəyini bir az möhkəm bağlayıb” və ya “yaxası azca açıqdır” və s. kimi sözlər desə, qeybət etmiş olar. Çünki İnsanlığın İftixarı (əleyhi əlfü əlfi salatin və salam) qeybətin tərifini verərkən belə buyurur:

ذِكرُكَ أَخَاكَ بِمَا يَكْرَهُ

“Əgər deyilən sözdən qardaşın eşitdiyi və ya üzünə deyildiyi zaman az-çox narahat olursa, o, qeybətdir.” (Müslim, Birr 70)

Bu prinsiplərə əsasən, qeybət olan yerdə bəzi səhabələr kimi “Artıq bu məclisdə oturmaq olmaz, çünki burada günah işləndi, Allaha üsyan edildi!” deyib məclisi boykot edərək tərk etməliyik. Bəli, qeybət edən kim olur-olsun, məclisdə olanların borcu dərhal qalxıb o məclisi tərk etməkdir. Bunun bircə istisnası var: Əgər camaat arasında qeybət zamanı ortaya qoyulan üsul, ədəb və ərkanı bilməyənlər varsa, bu mübtədilərə məsələni izah etmək üçün məclisi tərk etməmək olar. Əgər qeybətə qarşı hamı birlikdə belə bir mövqe ortaya qoysa, zənnimcə, ancaq o zaman məsələnin qarşısını almaq mümkündür.

Bir daha təkrar edim ki, belə bir nəticə əldə etmək üçün əvvəlcə hamımız qeybətin nə qədər qorxunc və çirkin günah olduğunu vicdanən qəbul etməliyik. Bəli, qeybət ondan diksinənə, onun çirkin günah olduğunu qəbul edənədək, bizdən aldığı “məsumluq vizası” ilə istədiyi vaxt aramızda gəzib dolaşmağa imkan tapacaq və bizdən iltifat görəcək.

Əgər qəbirdə qeybətin leş surətində başımızın üstündə qəbir üfüqümüzü kirlətməsini, onun murdar qoxusundan və çirkin görünüşündən əzab çəkmək istəmiriksə, indidən hamımız birlikdə ona qarşı ciddi mövqeyimizi ortaya qoymalıyıq.

Buna görə də, ətrafımdakı insanlara deyirəm ki, ağızımdan yarımca kəlməlik qeybət çıxdığına şahid olsanız, dərhal buna qarşı mövqeyinizi ortaya qoyun və sözü dəyişdirib söhbəti-canana gətirməyə çalışın. Nə olar, bu məsələdə geri çəkilməyin və bu çirkin əməlin qarşısını almaq naminə mədəni cəsarətinizi, daha doğrusu, dini cəsarətinizi ortaya qoyun!

Share:

More Posts

fethullah gulen 45 d83

Fəthullah Gülən: “Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam”

Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə…

sahin praises journalists and writers foundation for courageous coverage fb0

“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”

Türkiyənin “Özgür düşünce” qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik.
– Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu…

fethullah gulen hocaefendiden muhammed ali icin taziye mesaji 75b

Fəthullah Gülən Xocaəfəndidən Məhəmməd Əli ailəsinə başsağlığı

İdman sahəsindəki uğurları, inancını mətanətlə müdafiəsi, şəxsiyyəti və xeyirxahlığı ilə həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada milyonlarla insanların könlünü fəth edən Məhəmməd Əli bəyin vəfatı məni dərindən kədərləndirdi.
Mərhumun gənclik illərində istər boks karyerasındakı nailiyyətləri, istərsə də inandığı dəyərləri cəsarətlə müdafiəsi həm Amerikada, həm də dünyada çətin şəraitdə yaşayan gənc nəslə bir nümunə və ümid…

dini hayati canli tutan iki dinamik 35d

Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?
Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri…

fethullah gulen amelin ruhu ihlas ve samimiyettir d4b

Əməlin ruhu – ixlas

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində buyurur: “Əməldə daim Allahın rizasını axtarın. Çünki Allah sırf Onun üçün edilən əməlləri qəbul edir” (Bax: əl-Daraqutni, “əs-Sünən” , I, 51; əl-Bəyhaqi, “Şüabül-iman”, V, 33). Peyğəmbərimizin məsləhət gördüyü “əməldə daim Allahın rizasını axtarma” şüur və düşüncəsini necə əldə edə bilərik?
Cavab: Allaha (cəllə cəlaluhu) könül verən həqiqi mömin…

sevgiyle giderseniz kalici olursunuz 35c

Əsirlərin dağınıtısını aradan qaldırmaq

Sual: “Yüz illər boyu dağıdılan bir qalanı” hansı yol və metodla təmir etmək olar?
Cavab: Əvvəla qeyd edək ki, bir şeyi düzəltmək dağıtmaqla müqayisədə min qat çətindir. Çünki bir şeyi düzəltmək, təmir etmək üçün gərək əlinizdə onun bütün parçaları, daxili və xarici hissələri olsun. Dağıtmaq üçün isə onlardan bircəsinin olmaması kifayətdir. Məsələn, namazın səhih olması üçün…

kufre surukleyen ameller 36a

Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:
إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ
“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət…

irsad meslegi ve mulayemet af6

İrşad üslubu və sözün təsiri

Sual: “Yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə”vəzifəsini yerinə yetirərkən xətalara yol verməmək üçün hansı məsələlərə diqqət etmək lazımdır?
Cavab: Qurani-Kərimin buyurduğu kimi “insanları yaxşı əməllərə təşviq etmə və pis əməllərdən çəkindirmə” vəzifəsiən xeyirli ümmətin bariz xüsusiyyətidir. “Ali İmran” surəsinin “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Onlara yaxşı işlər görməyi əmr edir, pis…

kufre surukleyen ameller 36a

“Kaş” harayı

Sual: Nə dünyada, nə də axirətdə “kaş ki” deyib heyifsilənməmək üçün neyləməliyik?
Cavab: Əgər mömin dünya və axirətini “kaş ki”peşmançılığı ilə çirkləndirmək istəmirsə, ilk öncə Allahı (cəllə cəlaluhu) tanımalı, Onun yolunda olmalı, Ona yaxın olmağa çalışmalı və Onun lütf etdiyi bütün nemətləri ancaq Onun yolunda sərf etməlidir. Mömin bu qayəyə çatmaq üçün daim bəsirətlə yaşamalı, təmkini…

abs temsilciler meclisi beynelxalq dil ve medeniyyet festivalini resmi sekilde taniyib 57c

Obama Dil və Mədəniyyət Festivalını təbrik etdi

Məhşur Hollivud aktyoru Endi Qarsiyanın aparıcılıq etdiyi 14-cü Beynəlxalq Dil və Mədəniyyət Festivalının Vaşinqton proqramı möhtəşəm görüntülərlə yadda qalıb. Gecənin ən maraqlı məqamı isə ABŞ Prezidenti Barak Obamanın təbrik mesajı olub. Obama yazılı mesajla festivalı və onun təşkilatçılarını təbrik edib. Obama təbik mesajında deyib:

Yer üzünün zəngin mədəniyyəti və tarixi mirasları bu möhtəşəm çıxışlar ilə sanki…

Send Us A Message